AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmirdəki Aran Regional Şöbəsi (ARŞ) 2005-ci ilin dekabrından fəaliyyət göstərir.
   ARŞ-nin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı qurumun fəaliyyətinin bir neçə sahəni əhatə etdiyini deyir. Onun sözlərinə görə, başlıca işlərdən biri elmi-bədii materialların toplanması, öyrənilməsi və təqdimidir. Şöbə 300-ə qədər bədii, elmi, publisistik, monoqrafik əsər toplayıb. Elmi-bədii materialların toplanıb öyrənilməsi üzrə də uğurlar əldə edilib. Filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev Şirvan elinin tarixi, coğrafiyası, etnoqrafiyası, mədəniyyəti, folkloru sahəsində araşdırmalar apararaq müxtəlif elm, sənət xadimləri haqqında dəyərli kitablar yazıb. Alimin “Aşıq Soltan ocağı”, “Qobustan”, “Şirvan aşıqları” monoqrafiyaları bu sıradandır. 
   XIX yüzilin məşhur xeyriyyəçisi, şeir və sənət bilicisi Mahmud ağa Şirvanlının yaratdığı və özündən sonra Azərbaycanda bir sıra ədəbi məclislərin təşkilinə yön verən ədəbi-bədii məclisi şöbə tərəfindən 2007-ci ildə bərpa edilərək yenidən fəaliyyətə başlayıb. 
   Şöbə müdirinin sözlərinə görə, “Mahmud ağa məclisi” zamanında Azərbaycandan kənarda da tanınıb. Fransız yazıçısı Aleksandr Düma bölgəyə səfəri zamanı məclis haqqında xoş düşüncələrini qələmə alıb, məşhur rus rəssam Qriqori Qaqarin isə məclisin toplantılarını öz əsərlərində əbədiləşdirib. Ömrünün sonunadək (1902) seçdiyi maarif-mədəniyyət yolunda fəaliyyət göstərən Mahmud ağa Şirvanlının bu vətənpərvərliyinin ənənələrini indi ARŞ davam etdirir. “Poeziya dəqiqələri” adlı ədəbi-musiqili tədbirlərdə gənc yazarların əsərlərindən örnəklər səslənir, təhlil edilir və onlara məsləhətlər verilir.
   Şöbə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin elmi-tədqiqat və muzeyşünaslıq bölmələri, müxtəlif bölgələrdəki xatirə, diyarşünaslıq, ev-muzeyləri, eləcə də müxtəlif rayonların mədəniyyət, maarif təşkilatları, təhsil ocaqları, aydınları, yaradıcılıq kollektivləri, gənc qələm sahibləri ilə əlaqə saxlayır. Bu əməkdaşlıq çərçivəsində Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Cabir Novruz, Nigar Rəfibəyli, Mir Cəlal, Səməndər Rzayev, Mikayıl Mirzə, aşıqlar Bilal, Şakir, Əhməd və başqa tanınmışlarla bağlı ədəbi-bədii məclislər keçirilib. 2017-ci ilin başlanması şöbə üçün bir əlamətdar hadisə ilə də yadda qalacaq. ARŞ-nin yeni binası istifadəyə veriləcək, bununla da əməkdaşların daha yaxşı çalışması üçün şərait yaradılacaq.
   
   S.Qaliboğlu