2016-cı il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın, eləcə də ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində əlamətdar il oldu. 
   Bu fikirləri ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib. Direktor deyib ki, dövlətçiliyimiz, tariximiz, mədəniyyətimizlə bağlı təbliğat işlərinin aparılması, Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin, dünyalarını dəyişmiş tanınmış soydaşlarımızın xatirələrinin əbədiləşdirilməsi Mərkəzin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Özbəkistan mediasında Azərbaycanla bağlı materialların verilməsi, birgə layihələrin həyata keçirilməsi, Azərbaycanda, həmçinin AMM-in təşəbbüsü ilə Özbəkistanda çap olunan kitabların təqdimatları, sərgilər 2017-ci ildə də davam etdiriləcək.
   Diqqətə çatdırılıb ki, turizmə dair təbliğat işini gücləndirmək, özbək turistlərini ölkəmizə cəlb etmək məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan videoçarx ötən ilin noyabr ayından Özbəkistan Dövlət Televiziyasında nümayiş etdirilir. “Mədəniyyət və mərifət” telekanalında yayımlanan videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhərinin görməli yerləri, arxitekturası, Bakı gecələri, Dənizkənarı Milli Park əksini tapıb. Videomaterialın musiqisində “Qarabağ şikəstəsi”dən istifadə olunub.
   Mədəniyyət mərkəzinin təşəbbüsü ilə Qarabağ geyimlərinin maraqlı kompozisiyası yaradılaraq müxtəlif tədbirlərdə nümayiş etdirilib və bu iş davam etdiriləcək. Kolleksiyaya Qarabağın XVII-XIX əsrlərə aid geyimləri, qadın və kişi libasları daxil edilib. 
   Qeyd edilib ki, Azərbaycanın tarixi, ermənilərin apardığı soyqırımı siyasəti haqqında da müxtəlif tədbirlər, Mədəniyyət mərkəzinin dərnəklərində “açıq dərs”lər keçirilib, Azərbaycanın Quba şəhərində yaradılan Soyqırımı Memorial Kompleksinə virtual səyahət təşkil edilib.
   Ötən il AMM-in təşəbbüsü, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si Olimcon Buriyevin tərcüməsi ilə toplu halında işıq üzü görüb. Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı da nəşr olunub, “Leyli və Məcnun” poeması tərcümə olunaraq çap üçün mətbəəyə təqdim edilib. 
   AMM-in təşəbbüsü ilə özbək tarixçisi Şuxrat Salamovun rus dilində “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitabları çap edilib, bu kitabların Bakıda və Tbilisidə təqdimatları keçirilib. Xalq yazıçısı Anarın kitabı, “Azərbaycanın mədəni irsi” toplusu özbək dilində işıq üzü görüb.
   Mərkəzin layihəsi ilə “Bəxt üzüyü”, “Yol əhvalatı” kinokomediyaları, habelə Azərbaycan cizgi filmləri özbək dilinə dublyaj olunub və təqdimatları keçirilib, daimi şəkildə nümayiş etdirilməsi üçün Özbəkistan Dövlət Televiziyasına təqdim edilib.
   Hər il Mədəniyyət mərkəzi tərəfindən Özbəkistan mətbuatında “Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsi keçirilir. Bu, yerli mediada Azərbaycan mövzusunu daim gündəmdə saxlamağa, ölkəmizin təbliğinə böyük imkanlar açır.
   Direktor Mədəniyyət mərkəzinin layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində Azərbaycan pavilyonunun açılışı haqqında da məlumat verib. Bildirib ki, pavilyonda Azərbaycan mədəniyyəti ilə bağlı unikal stendlər, milli geyimlər, musiqi alətləri, Azərbaycan kəndlisinin ənənəvi evi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri nümayiş etdirilib, lavaş və çörək bişirilməsi üçün təndir sərgiyə qoyulub. Sərgidə ölkəmizin turizm potensialına dair ayrıca bölmə də yaradılıb.