Azərbaycan
    
   4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 - 1932) vəfat edib. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   4 yanvar 1946 - Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib. "Məşədi Sijimqulu", "Kefsiz" və s. imzalarla yazıb. Kitabları: “Sijimqulunamə”, “Satira mərmiləri”. "Keçmiş günlər" adlı mənzum xatirəsi dövrün ədəbiyyat və mətbuat tarixini öyrənmək üçün maraqlı mənbədir. 
   4 yanvar 1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov anadan olub. Milli Dram Teatrında çalışır. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya tamaşalarında (“Ordan-burdan”, “Göz həkimi”) yaddaqalan rollar oynayıb.
   4 yanvar 1950 - Rusiyanın Əməkdar artisti İnarə Quliyeva Moskvada doğulub. “Azərbaycanfilm”də “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud” (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.
   4 yanvar 2000 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 - 2000) vəfat edib. Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşı olanda ailəsi Bakıya köçüb. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
   
   5 yanvar 1887 - Tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 - 30.6.1967) anadan olub. Qəzəl və qoşmalar yazıb. Tarzən Bəhram Mənsurovun əmisidir.
   5 yanvar 1910 - Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 - 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca əsərlərini dilimizə tərcümə edib.
   5 yanvar 1884 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Üzeyir Hacibəylinin xalası oğludur. Milli teatrda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.
   5 yanvar 1927 - Yazıçı Əlfi Səhlik oğlu Qasımov (1927 - 12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanlarının, «Odlu ürək», «Ulduz karvanı», "Şagird briqadaları", "Dnepr qəhrəmanı" kitablarının və s. əsərlərin müəllifidir.
   5 yanvar 1927 - Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Dönüş”, “Təbrizdə bir gecə” poemaları, “Gəlin”, “Həyat bizi sınayır” (həmçinin eyniadlı filmin ssenarisi) povestləri, “Vicdan susanda”, “Müqəddəs ocaq” romanlarının müəllifidir.
   5 yanvar 1949 - Əməkdar artist Kübra Əliyeva anadan olub. Teatr və televiziya tamaşalarında, “Sonuncu məhəbbət”, “Güllələnmə təxirə salınır!” filmlərində oynayıb.
   5 yanvar 1955 - Əməkdar artist Fərhad İsrafilov anadan olub. “Yeddi oğul istərəm”, “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. filmlərdə çəkilib. Yuğ Teatrında çalışır. 
   
   6 yanvar 1907 - Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 - 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Akademik Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (Mirzə Fətəli), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.
   6 yanvar 1938 - Baletmeyster, Əməkdar incəsənət xadimi Yuliana Əlikişizadə Bakıda anadan olub. 1978-ci ilədək Akademik Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. Mahnı Teatrında, Musiqili Komediya Teatrında balet qrupunun rəhbəri vəzifəsində çalışıb. 
   6 yanvar 1938 - Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 5.6.1908 - 1938) dünyasını dəyişib. Yeniyetmə vaxtlarından yaradıcılığa başlayıb, qısa ömründə 10 şeir və poemalar toplusu nəşr etdirib. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək repressiya olunub.
   6 yanvar 1962 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901 - 1962) vəfat edib. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. 1920-ci ildə Bakıya gələrək Azərbaycan teatr sənətinin inkişafında xidmətlər göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır. “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər”, “Əsl dost” və s. filmlərdə çəkilib. 
   
   7 yanvar 1927 - Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair tədqiqatların müəllifidir. 
   
   8 yanvar 1920 - Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920 - 23.11.1999) Bakıda anadan olub. “Arşın mal alan” (1945, Gülçöhrə), “Fətəli xan” (Tuti Bikə), “Görüş” (Bilqeyis), “Onun böyük ürəyi” (Xalidə), “Dərviş Parisi partladır” (Şərəbanu) və s. filmlərdə çəkilib. SSRİ Dövlət mükafatına layiq görülüb. 
   
   9 yanvar 1903 - Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903 - 12.1.1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Milli Dram Teatrında işləməyə başlayıb. Stalin repressiyalarının qurbanı olub. 
   9 yanvar 1930 - Yazıçı, ssenarist Faiq Feyruz oğlu Dərgahov (1930-1984) anadan olub.
   9 yanvar 1949 - Xalq artisti İlham Namiq Kamal (Əhmədov) anadan olub. Milli Dram, Gənclər, Musiqili Komediya teatrlarında çalışıb. “Qayınana”, “Bəyin oğurlanması” və s. filmlərdə, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Kişilər” və s.) maraqlı obrazlar yaradıb. 2005-ci ildən Musiqili Teatrda işləyir. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   9 yanvar 1991 - “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (16.12.1961 - 1991) Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
   
   10 yanvar 1929 - Dilçi alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Afad Məhəmməd oğlu Qurbanov (1929 - 26.9.2009) Ermənistan SSR Kalinin rayonunun Qızıl Şəfəq kəndində doğulub. "Müasir Azərbaycan ədəbi dili", "Azərbaycan onomastikası" və s. kitabların müəllifidir.
   10 yanvar 1932 - Musiqişünas, professor Elmira Əbdülhəmid qızı Abasova (1932 - 12.2.2009) anadan olub. Üzeyir Hacıbəyli haqqında kitabların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) rektoru (1977-1991) olub.
   10 yanvar 1938 - Bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova (1938 - 11.2.2012) Hacıqabulda anadan olub. ”Yanan laylalar” operasının (libretto - Ramiz Heydər), populyar mahnıların (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Gəl-gəl, gülüm” və s.), romansların müəllifidir.
   10 yanvar 1953 - Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 - 28.11.2011) Bakıda doğulub. Teatr və televiziya tamaşalarında («Kişilər» - Səlimə, «Yollar görüşəndə» - Rahidə və s.) maraqlı rollar oynayıb.
   10 yanvar 1954 - Şair, nasir, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu (Məsimov) anadan olub. Bir çox şeirlərinə musiqilər yazılıb.
   10 yanvar 1956 - Müğənni, Xalq artisti Ağadadaş Həmid oğlu Ağayev Cəlilabad rayonunun Hasıllı kəndində doğulub.
   10 yanvar 1962 - Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909-1962) vəfat edib. Milli Dram Teatrında çalışıb, bir sıra filmlərdə (“Lətif”, 1930) çəkilib. 
   
   Dünya
    
   4 yanvar 1785 - Alman folklorçusu, filoloq Yakob Qrim (Jacob Ludwig Karl Grimm; 1785-1863) anadan olub. Qardaşı Vilhelm Qrimlə alman nağıllarını toplayaraq nəşr etdirib. Folklorşünaslıqda mifologiya məktəbinin banilərindən biridir.
   
   5 yanvar 1921 - İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt, 1921-1990) anadan olub. Əsərləri: “Hakim və onun cəlladı”, “Ədalət mühakiməsi” psixoloji detektiv romanları, “Yaşlı xanımın ziyarəti” pyesi və s. 
   5 yanvar 1932 - İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco; 1932 - 20.2.2016) anadan olub. Əsərləri: “Qızılgül adı”, “Fuko kəfgiri”, “Çariçə Loananın sirli alovu”, “Praqa məzarlığı” romanları, “Orta əsrlər estetikasının təkamülü”, “Açıq əsər” elmi tədqiqatları və s. 
   
   6 yanvar 1822 - Tanınmış alman arxeoloqu, əfsanəvi Troya şəhərinin qalıqlarını üzə çıxarmış Henrix Şliman (Johann Ludwig Heinrich Julius Schliemann; 1822-1890) anadan olub.
   6 yanvar 1872 - Görkəmli rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 - 27.4.1915) anadan olub. “Ekstaz poeması” və “Prometey” simfonik poemalarının, simfoniyaların müəllifi, “rəngli musiqi”nin yaradıcısıdır.
   6 yanvar 1879 - Tatarıstan ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov; 1879 - 1933) anadan olub.
   6 yanvar 1938 - İtalyan aktyoru, müğənni, bəstəkar, rejissor Adriano Çelentano (Adriano Celentano) anadan olub. Filmləri: “Serafino”, “Milanda superoğurluq”, “İnadkarın ram edilməsi”, “Dəlicəsinə vurulmuş” və s. 
   
   7 yanvar 1925 - İngilis yazıçısı, zooloq Cerald Darrel (Gerald Malcolm Durrell (1925 - 1995) anadan olub. Heyvanlardan bəhs edən 30-dan çox kitab və filmin müəllifidir. Yazıçı Lourens Darrelin qardaşıdır.
   7 yanvar 1964 - Amerika aktyoru Nikolas Keyc (Nicolas Cage - Nicolas Kim Coppola) anadan olub. Kinorejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Kinoda öz adını təsdiqləmək üçün soyadından imtina edib. Filmləri: “Sifətsiz”, “Mələklər şəhəri”, “Las-Veqası tərk edərkən” (“Oskar”, 1996) və s.
   
   8 yanvar 1910 - Məşhur rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910 - 1998) anadan olub.
   8 yanvar 1935 - Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 - 16.8.1977) anadan olub. “Rok-n-roll”un kralı, XX əsr musiqisinin ən məşhur nümayəndələrindən biri kimi tarixə düşüb. Ümumi tirajı 1 milyard olan 150-dən çox albomu işıq üzü görüb.
   
   9 yanvar 1890 - Çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek, 1890 - 1938) anadan olub. Əsərləri: “Mütləqiyyət fabriki”, “Meteor”, “Səməndər quşları ilə müharibə” romanları, “Makropulos vasitəsi”, “Ana” pyesləri və s.
   9 yanvar 1908 - Fransız yazıçısı, filosof Simona de Bovuar (Simone de Beauvoir; 1908-1986) anadan olub. Əsərləri: “Gözəl şəkillər”, “Naringilər”, “Çox asan ölüm” və s. Məşhur filosof Jan-Pol Sartrın həyat yoldaşı olub. 
   
   10 yanvar 1883 - Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883 - 1945) anadan olub. “I Pyotr”, "Əzablı yollarla", "Mühacirlər", “Mühəndis Qarinin hiperboloidi” romanlarının, "Aelita", "Gürzə", "Qraf Kaliostro" povestlərinin, “Qızıl açar və ya Buratinonun macəraları” nağılının müəllifidir.
   10 yanvar 1905 - Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905-1968) anadan olub. Əsərləri: ”Nəvai”, “Günəş sönməyəcək” romanları, “Həmzə” poeması və s.
   
   Hazırladı: Vüqar Orxan