Azərbaycan Böyük Britaniyanın “The Sunday Times” qəzetinin saytında 2017-ci il üçün turizm marşrutları siyahısına daxil edilib. Saytın yeni ildə turistlər üçün təklif etdiyi ölkələr sırasında Azərbaycan və Bakı haqqında ətraflı məlumat yerləşdirilib. Siyahıya Kanada, bəzi Afrika ölkələri, Portuqaliya, Peru, Braziliya, Ekvador, Hindistan, İrlandiya daxil edilib.
   Məlumatda bildirilir ki, Asiya və Avropanın qovşağında yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərini yaşadan ölkədir. Vurğulanır ki, Azərbaycan dekabr ayında Asiya üzrə ən çox ziyarət edilən istiqamətlər sırasında olub. 
   “Azərbaycanın populyarlığının artması turistlərin buradakı hotellər, restoranlar və görməli yerlər haqqında müsbət rəyləri ilə müəyyən olunur. Turistlər arasında getdikcə bu ölkəyə maraq artır”, - deyə məqalədə bildirilir.
   Yazıda, həmçinin İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Azərbaycan mətbəxi haqqında məlumat verilir. Bakının müasir memarlıq nümunələri ilə də zəngin olduğu vurğulanır, Heydər Əliyev Mərkəzi və “Flame Towers” barədə ətraflı bəhs edilir, Naftalan neftinin müalicəvi əhəmiyyətindən danışılır.