Yanvarın 6-7-də ABŞ-da Hopkins İncəsənət Mərkəzində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası konsert-tamaşa variantında növbəti dəfə uğurla təqdim olunub.
   Operadakı əsas ifaları Azərbaycanın Xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova təqdim edib. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. Konsert-operada məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.
   “Leyli və Məcnun” layihəsində britaniyalı rəssam Hovard Hockin də iştirak edib. O, qədim Şərq miniatürləri əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlayıb.
   Xatırladaq ki, “Leyli və Məcnun” operası konsert-tamaşa şəklində ötən ilin oktyabrında ABŞ-ın bir neçə şəhərində nümayiş olunub. 
   Bu layihənin ideyası ilk dəfə 10 il əvvəl muğam ustası Alim Qasımovun məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə yaradıcılıq münasibətləri zamanı meydana gəlib. O zaman Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı Alim və Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yığcam konsert versiyasını ABŞ-da, Kanadada, Avropa və Asiyanın bir neçə ölkəsində ifa etmişdi. 
   Müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardan olan Mark Morrisin də “Leyli və Məcnun” operasına marağı həmin dövrə təsadüf edir. O, 2007-ci ildə bu konsert-tamaşanı gördükdən sonra səhnə əsərinə rəqsin əlavə olunması barədə düşünürmüş. Nəhayət, 2016-cı ildə həmin layihə gerçəkləşdi.
   Alim Qasımov və Fərqanə Qasımovanın “Leyli və Məcnun” konsert-tamaşası ilə ABŞ-a budəfəki qastrol səfəri yanvarın 5-də başlanıb və ayın 16-dək davam edəcək. Daha sonra Avstraliyanın Sidney şəhərində konsert proqramı nəzərdə tutulur. Sənətçilər burada yanvarın 21-22-də çıxış edəcəklər.