Fevralın 11-12-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiyanın aparıcı teatr və kino aktyorlarının qastrol səfəri çərçivəsində Valentin Krasnoqorovun “Amansız dərs” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.
   Teatrın saytında yer alan məlumata görə, tamaşanın rejissoru Mixail Qorevoydur. Rolları Anastasiya Zadorojnaya, Oleq Fomin, Aristarx Venes və Regina Myannik ifa edəcəklər.
   Pyesin əsasında beynəlxalq rezonans doğurmuş real psixoloji eksperiment dayanır. Professorun rəhbərliyi altında iki tələbə elmi məqsədlərlə qadına əziyyət verir. Eksperimentdə iştirak personajların şəxsi münasibətlərinə də təsir edir. Kəskin süjet auditoriyanı daim gərgin vəziyyətdə saxlayır. Pyesə xüsusilə gənclər böyük maraq göstərir.