Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 2017-ci ildə sənətsevərləri ilk olaraq “Ölülər” tamaşası ilə salamlayacaq. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tragikomediya yanvarın 13-də nümayiş olunacaq.
  Tamaşaya teatrın direktoru və bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemət quruluş verib, rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir. Görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin yarım əsr əvvəl “Ölülər” tamaşası üçün yazdığı musiqi yeni versiyada təqdim olunur. Xronometrajı 130 dəqiqə olan tamaşada XX əsrin əvvəlinə aid mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla canlandırılır.
   Bu dəfə də “Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Anar Heybətov olacaq. Digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli və başqaları ifa edir.