Kabare müğənnisi Silva ilə knyaz oğlu Edvinin eşq hekayəsi
   
   Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası yanvarın 11-də keçiriləcək. Bu gün teatr tamaşaçılara macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettasını təqdim edəcək.
   Əsərin süjet xəttini saf sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bundan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.
   Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənovdur.
   Rolları əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.