Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsinin açılışı oldu
   
   Yanvarın 9-da Fəxri xiyabanda müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsinin açılışı keçirildi.
   Mərasimdə millət vəkilləri, elm, ədəbiyyat, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şairin yaxınları iştirak edirdi.
   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən danışdı: “Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustalarından idi. Tanrı ona başqa bir fitri istedad da - yaddaş da vermişdi. Amma millətin yaddaşında, ədəbiyyat aləmində həmişəlik qalmaq üçün yalnız böyük söz qabiliyyətinə malik olmaq azdır. O, vətənini, xalqını sevirdi. Dövlətinə sadiq insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Zəlimxan Yaqub bütün yaradıcılığı ilə onsuz da abidəyə çevrilmişdi. Bu gün isə abidə formasında yenidən bizə qayıtdı”.
   Millət vəkili qeyd etdi ki, Z.Yaqubun yaradıcılığına, onun istedadına ən böyük qiyməti ümummilli lider Heydər Əliyev verib. Prezident İlham Əliyev də şairə daim xüsusi diqqət və qayğı ilə yanaşıb.
   Vurğulandı ki, şairin yaradıcılığında o tay-bu taylı Azərbaycan həqiqətləri ilə yanaşı, bütün türk və islam dünyası öz əksini tapıb. Ona görə də Z.Yaqub bütün türk və islam dünyasına mənsub böyük şairdir.
   Professor Qəzənfər Paşayev şair haqqında xatirələrini bölüşdü. Bildirdi ki, Z.Yaqub sözün, millətinin və ölkəsinin qarşısında tarixi məsuliyyətini hiss edən və ömrünün sonunadək əlindən qələmi yerə qoymayan şair idi. Onun yurd, xalq sevgisindən yoğurulmuş şeirləri Azərbaycan insanı ilə həmişə bir yerdə olacaq.
   AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov müasir Azərbaycan poeziyasının böyük simalarından olan şairin dərin məzmunlu əsərləri ilə daim ürəklərdə yaşayacağını vurğuladı.
   Şairin ailəsi adından çıxış edən oğlu Bəhlul Yaqubov atasının xatirəsinə göstərdikləri yüksək hörmət və ehtirama görə hər kəsə öz minnətdarlığını bildirdi.
   Xalq şairinin abidəsinin müəllifi Xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.
   Qeyd edək ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı, 2008-ci ilin avqustundan ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri olub. Müəllifin “Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram”, “Od aldığım ocaqlar”, “Əbədiyyət dastanı”, “Mən bir dağ çayıyam”, “Məni sabahıma qovuşdur, ana” və s. kitabları geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Əsərləri müxtəlif dillərə tərcümə olunub, xarici ölkələrdə işıq üzü görüb.
   Xalq şairi 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. 
   
   Fariz Hüseynov