“Keçmişdən sabaha” sərgisi bu ayın sonuna qədər davam edəcək
   
   “Nur art house” qalereyası paytaxtımızda yeni yaradılan mədəniyyət ocaqlarındandır. Ötən ilin sonlarında İçərişəhərdə fəaliyyətə başlayan qalereyada rəsm əsərləri yox, yalnız Azərbaycan xalçası və dekorativ təsviri sənət örnəkləri sərgilənir. 
    Dekabrın son günlərində qalereyada “Keçmişdən sabaha” adlı proqram-sərgi işə başlayıb. Proqram-sərgidə tanınmış xalçaçı-rəssamlar Eldar Hacıyev, Tariyel Bəşirov, Rauf Əbdülhüseynoğlu, Şəhla Əsgərovanın müxtəlif texnika ilə işlənmiş portret xalçaları, çətən və xalça ornamentləri üzərində qurulmuş xalq tətbiqi sənət nümunələri nümayiş olunur.
   Qalereyanın direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva bildirir ki, qurum yeni formada fəaliyyət göstərəcək: “Buna proqramlı sərgi deyilir. Biz təkcə sərgi keçirmirik, rəssamları dəvət edir, sənətsevərləri onlarla görüşdürür, birgə müzakirələr aparırıq. Son tədbirimizdə tanınmış xalçaçıların sərgisini keçirdik və onların gənc rəssamlarla görüşünü təşkil etdik. Bizim əsas işimiz gənclərə ustad dərsləri keçirməkdir. Ona görə ki, bizdə dekorativ-tətbiqi sənətlə məşğul olan az adam var, bir çox ənənələr unudulur. Məsələn, keçəçilik çətin və qədim sənətdir, gənclərdə bu işə həvəs yaratmalıyıq”. 
   “Ustadlardan öyrənək” devizi ilə təşkil edilən proqram-sərgi ustad dərsləri, seminar və mühazirələrlə davam etməklə sənətkarlarla sənətsevərlərin mükalimə meydanına, sənət və uğur sirlərinin paylaşıldığı məkana, həvəskarların məşğuliyyət, ustadların isə təcrübələrini bölüşdükləri platformaya çevrilməkdədir. Sərgiyə bu ayın sonuna qədər baxmaq olar. 
   Bildirək ki, “Nur art house”nin ofisində 2010-cu ildə yaradılan “Azərbaycan Xalçaçıları” İctimai Birliyi də fəaliyyət göstərir. Professor R.Tağıyevanın rəhbərlik etdiyi birliyin hazırda 60-dan çox üzvü var. Onun sözlərinə görə, qurumda demək olar ki, bütün bölgələrimiz təmsil olunur. Əsas məqsəd bu ənənəvi sənəti yaşatmaqdır: “Hazırda bizə Efiopiyadan, Norveçdən bir neçə təklif gəlib. İstəyirlər ki, Azərbaycan tətbiqi sənətini onların ölkələrində nümayiş etdirək. Dünyada Azərbaycan tətbiqi sənətinə münasibət yüksəkdir”. 
   “Azərbaycan Xalçaçıları” təşkilatının eksperti Gülşən Hüseynova isə bir müddət öncə Efiopiyada keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının forumunda iştirak edib. Onun sözlərinə görə, UNESCO-da qeydiyyatdan keçən, mədəni irslə məşğul olan QHT-lər bu forumda birləşirlər. Azərbaycandan UNESCO-da ilk dəfə qeydiyyatdan keçən QHT “Azərbaycan Xalçaçıları” İctimai Birliyidir. 
   
   S.Qaliboğlu