Azərbaycan Dövlət Rəqs Ansamblının tarixində ilk dəfə milli rəqslər üzərində “Koroğlu” baleti hazırlanır
   
   ...İşıqlı, geniş bir salonu təsəvvür edin. Tavan, divarlar, qapılar bəyaz... Deyəsən, döşəmənin də rəngi ağ idi axı... Yox, ona diqqət yetirə bilmədim. Çünki fikrim bu salonda süzən qara geyimli qızlarda, oğlanlarda qalmışdı. Doğrudan da, niyə məşq zamanı rəqqaslar qara geyinirlər? Bəlkə, baletmeyster hərəkətlərin nə qədər plastik, ifanın nə qədər düzgün olduğunu asanlıqla görsün deyə? Gərək bu sualı onların özünə verəydim. Nə isə, bu dəfə keçdi...
      
   Çalğıçılar da yerlərində əyləşiblər. Hamı baletmeysterin əlinin işarəsinə baxır: çalğıçılar da, rəqqaslar da... Baletmeyster də tək deyil, köməkçiləri var. Hər xırda detal, hər bir hərəkət təkrar-təkrar məşq edilir. Nəinki əl-ayaq hərəkətləri, başın dönüşü, baxışlar, üz cizgiləri cilalanır, dəqiqləşdirilir. Texnologiya da bu işdə kömək edir. Məşq prosesi, rəqsin quruluşuna əlavə edilən hər yeni hərəkət, musiqi parçalarını bir-birinə bağlayan keçid jestləri smartfonla çəkilir, fasilədə, ya da məşqdən sonra noutbukda diqqətlə nəzərdən keçirilir... Bir sözlə, rəqs anbaan zərgər dəqiqliyi ilə cilalanır.
   Təxminən bir il olar ki, Rusiya Federasiyasının Xalq artisti, Qafqaz rəqslərinin bilicisi, tanınmış xoreoqraf Dikalu Muzakayev Azərbaycan Dövlət Rəqs Ansamblına bədii rəhbər təyin edilib. Bu müddətdə daha ciddi rejimdə çalışmağa başlamış kollektiv yeni proqram üzərində işləyir. Ansamblın artıq bir neçə dövlət əhəmiyyətli tədbirdəki çıxışlarında gözlə görünən dəyişiklik kollektivə marağı artırıb. Maraqlananlar isə kollektivin yeni proqramla sənətsevərlərin görüşünə nə zaman gələcəyini gözləyirlər. 
   Elə biz də həmin xəbərlərin izinə düşüb Azərbaycan Dövlət Rəqs Ansamblının məşqinə yollandıq. Köhnə tanışımız Dikalu Abuzedoviçi (Bakıdakı fəaliyyəti barədə onunla müsahibəmiz ötən ilin avqustunda dərc olunub) fasilə zamanı, yeni proqramı çay süfrəsi arxasında Əməkdar artist Xanlar Bəşirov və Xalq artisti Rüfət Xəlilzadə ilə müzakirə edərkən «yaxaladıq». Eşitdiklərimiz bizim üçün də maraqlı oldu. “Yaydan bəri təzə nə var, nə yox” sualımıza maestro Muzakayev belə cavab verdi: 
   - Yeni proqram üzərində iş davam edir. Azərbaycan Dövlət Rəqs Ansamblının tarixində ilk dəfə milli rəqslər üzərində «Koroğlu» baletini hazırlayırıq. Təxminən 35-40 dəqiqə davam edəcək bu tamaşa Azərbaycan milli rəqsləri üzərində qurulub. Tamaşada istifadə ediləcək musiqilərin aranjimanı və lazım gələn musiqi keçidlərinin bəstələnməsi ilə Əməkdar incəsənət xadimi Vüqar Camalzadə məşğul olur. 
   - Yəqin Üzeyir bəyin «Koroğlu» operasından da istifadə etmisiniz...
   - Bəli. Amma ilk milli rəqs baleti barədə çox danışmaq istəməzdim. Yeni proqramı təqdim etməyimizə o qədər də çox qalmayıb. Biz burada məşq edirik, köhnə rəqsləri bərpa edir, bəzilərini daha da təkmilləşdirir, yenilərini qururuq, eyni vaxtda da kollektiv üçün yeni libaslar tikilir. Təxminən beş yüzədək geyim tikilməlidir. Hər rəqsin öz geyimi olacaq. 
   - Deyəsən, müsahibədə qeyd etdiyiniz, arzuladığınız layihələr gerçəkləşmək üzrədir...
   - Bəli. Hər şey istədiyimiz, planlaşdırdığımız kimi gedir. Bizim niyyətimiz Azərbaycan milli rəqsini dünya miqyasında daha geniş tanıtmaq, ansamblın xarici ölkələrə turnelərə çıxmasına nail olmaqdır. Çünki dünya xalqları arasında az sayda milli rəqs məktəbləri var ki, onların həm kişi, həm də qadın rəqsləri hərəkət və musiqi baxımından Azərbaycan rəqsləri qədər zəngin olsun. Artıq qastrol konsertləri barədə ilk razılaşmalarımız da var. 
   - Yəqin ki, biz öz doğma rəqs ansamblımızın yeni repertuarını hər kəsdən tez seyr edəcəyik. 
   - Mütləq. 
   Bu məqamda rəqqasə Saina Əhmədova qapıdan boylanır: 
   - Müəllim, qızlar hazırdır. Gəlirsiniz? 
   Dikalu Muzakayev deyir: 
   - Yəqin sizin üçün də maraqlı olar. Baxmaq istəyirsiniz? 
   - Əlbəttə, baxmaq istəyirəm... Həm yaradıcılıq prosesini, həm də rəqsi çox sevən biri kimi bu fürsəti ötürə bilərəm?
   Məşq zalına keçərkən Dikalu Abuzedoviç məlumat verir: 
   - Bizdə qrafik belədir: hər gün səhər klassik rəqs təmrinlərini təkrar etməklə işə başlayırıq. Klassik rəqs elementləri rəqsin əlifbasıdır. Əlifbanı bilmədən peşəkarcasına rəqs etmək mümkün deyil. Həm də klassik elementlər rəqqasın vücudunu formalaşdırır, nəfəsini idarə etməyi öyrədir. Klassik elementlərdən sonra rəqslərə keçirik. Həm qadın, həm də kişi rəqqasların iştirak etdiyi qarışıq rəqsləri məşq edirik. Günortadan sonra isə həftənin cüt günləri oğlanlar, tək günləri qızlar ayrıca məşq edirlər. Bu gün qızların növbəsidir. «Toy», «Qavalla rəqs», bir də «Lirik rəqs»in məşqlərini görəcəksiniz...
   
   Su sonası kimi incə qızlar zalda sıraya düzülüblər. Hətta saçlarını topalayıb yığmaları, bəzəksiz-makiyajsız, ürəksıxan qara məşq geyimləri də onların cazibəsini azaltmır. Bir küncdə, orkestrin böyründə özümə yer edib məşqə baxıram. «Lirik rəqs» başlanır. Əllərində ipək yaylıq tutmuş qızlar musiqinin müşayiəti altında çıxışa başlayırlar. Baletmeyster bir neçə dəfə musiqini dayandırır, ritmdən çıxanların, hərəkəti ümumi plastikanı pozanların yanına gəlir, bir daha hərəkətləri başa salır. Bir rəqs, üstəlik, repertuarda olan rəqs təkrar-təkrar ifa edilir. Nəhayət, maestro istədiyinə nail olur. Qızlar onun ətrafına yığışıb diqqətlə iradlara qulaq asırlar. Üzlərindən hiss olunur ki, kollektivdə nəsildəyişmə prosesi gedir, hələ böyük səhnə təcrübəsi qazanmamış gənclər çoxdur. Qızlar o biri rəqsə hazırlaşınca biz də söhbətimizə davam edirik: 
   - Bu rəqsi əvvəldən ipək yaylıqlarla oynayıblar. Mən fikirləşdim ki, qızlar adi parça əvəzinə əllərində kəlağayı tutsalar, daha maraqlı olar. Milli baş örtüyü rəqsin milliliyini daha da artırar. 
   - Standart kəlağayılar ilə çıxış etmək qızlara çətin olmaz ki? 
   - Əlbəttə, kvadrat ölçülü kəlağayı ilə çıxış etmək çətin olacaq, həm də yaylığın gözəlliyi görünməyəcək. Buna görə də bir neçə ölçüdə kəlağayı sifariş vermişik. Onları sınayandan sonra ən uyğun gələnini seçib sifariş verəcəyik ki, bu rəqsimizlə həm də kəlağayını təbliğ edək.
   ...Məşq davam edir. Bayaqdan diqqət yetirirəm, kimsə bədii rəhbərə Dikalu müəllim, kimsə maestro, kimsə Dikalu Abuzedoviç, kimi də lap «uçitel» deyə müraciət edir. Müraciətin forması müxtəlif olsa da, əsas odur ki, hər kəs ona, digər baletmeysterlərə hörmətlə yanaşır və dediklərinə diqqətlə qulaq asır. 
   
   * * * 
   Məşqdən sonra söhbətimizi ansamblın direktoru, Əməkdar artist Zahir Qasımov ilə davam etdiririk: 
   - Kollektivdə nəsildəyişmə prosesi ilə yeni proqramın yaradılması təxminən eyni vaxta düşüb. Buna görə də işimiz daha çoxdur. Yeni solistlərin intizama alışdırılmasına, təchizata, maliyyə məsələlərinə görə mən məsuliyyət daşıyıram. Mədəniyyət və Turizm Nazirliyi elə bir şərait yaradıb ki, indiyədək heç vaxt belə şəraitimiz olmayıb. Mənə inana bilərsiniz, çünki düz 47 ildir ki, bu kollektivdəyəm. Kollektiv yaranandan 25 il rəqs etmişəm, ondan sonra direktor kimi çalışıram. Kollektivdə yaradıcılıq atmosferi də güclüdür. Bizim işimiz səhər saat 10-da başlayır. Amma bir də görürsən ki, gənc solistlərdən kimsə mənə deyir ki, Zahir müəllim, səhər tez gəlib bir qədər məşq etmək istəyirəm. Mən də böyük həvəslə lap 8.30-da gəlib zalı açıram, təki uşaqlar işləmək istəsinlər. Dövlət Rəqs Ansamblı üçün yaradılan bu şəraitə uyğun da çalışmaq, yaxşı, maraqlı proqram təqdim etmək bizim borcumuzdur. 
   
   Həmsöhbətlərimdən xoş hisslərlə ayrılıram. Azərbaycan Dövlət Rəqs Ansamblının məşqindən vəd edilən, bəzi cizgilərini gördüyüm proqramının nümayişini gözləyirəm. Bilirəm ki, mənim kimisi az deyil. Hamılıqla baharı gözləyək: həm 2017-ci ilin baharını, həm də rəqs ansamblımızın. 
   
   Gülcahan Mirməmməd