“Beynəlxalq davamlı turizm ili” ilə bağlı Dünya Turizm Təşkilatı baş katibinin müraciəti yayılıb
   
   Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifai 2017-ci ilin “Beynəlxalq davamlı turizm ili” elan edilməsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.
   Qurumun saytında yer alan müraciətdə BMT Baş Məclisinin 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan etməsinin təsadüfi olmadığı vurğulanır. Qeyd edilir ki, turizm getdikcə daha çox və haqlı olaraq ən yaxşı dünyaya qədəm qoymağa kömək edən sektor kimi tanınır. 
   Müraciətdə bildirilir ki, 2017-ci il gələcək üçün turizmin töhfəsini təşviq etmək baxımından əlverişli imkandır. Dünya Turizm Təşkilatı, həmçinin turizmin davamlı inkişafda və 2030-cu ildən sonra rolunu müəyyənləşdirmək istəyir. Əlbəttə, turizm sektorunun formalaşmasına qədər mövcud olan bir çox problemlər qalmaqdadır. 
   Baş katib əlavə edir ki, turizm iqtisadiyyatın ən davamlı sektorlarından biri olmaqla yanaşı, həm də hər gün müxtəlif mədəniyyətlərdən, qitələrdən olan insanları bir araya gətirir. Səyahət vasitəsilə biz dözümlü, qayğıkeş olmaq kimi keyfiyyətlər qazanırıq ki, bu da qloballaşma dövründə çox vacibdir.
   Xatırladaq ki, “Beynəlxalq davamlı turizm ili”nin rəsmi açılışı yanvarın 18-də İspaniyanın Madrid şəhərində olacaq.
   “Beynəlxalq davamlı turizm ili”ndə beş mühüm sahədə - hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq ediləcək.