Görkəmli yazıçı-dramaturq, naşir və publisist Cəlil Məmmədquluzadənin əsərləri XX əsrdə ana dilindən başqa yalnız rus və fars dillərində kitab halında nəşr edilib. Son illərdə AMEA-nın vitse-prezidenti, akademiyanın Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin təşəbbüsü ilə ədibin dram və nəsr əsərlərindən, publisistik məqalələrindən seçmələr tədqiqatçının “ön söz”ü ilə Rusiyada (1999), Pakistanda (2004), Misirdə (2008), Macarıstanda (2012) və Gürcüstanda (2016) kitab halında çap edilib.
   Bugünlərdə isə C.Məmmədquluzadənin “Nigarançılıq” kitabı Litvanın paytaxtı Vilnüsdə nəşr edilib. Kitaba yazıçının “Danabaş kəndinin əhvalatları” povestindən parça, “Poçt qutusu”, “Pirverdinin xoruzu”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Saqqallı uşaq”, “Buz” və s. hekayələri, “Kişmiş oyunu”, “Kamança” pyesləri daxil edilib. Əsərləri Litva Yazıçılar İttifaqının üzvü, professor İrena Aleksaite və Litvada yaşayan tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev tərcümə edib. 
   Kitabda görkəmli karikatura ustaları Oskar Şmerlinq, Əzim Əzimzadə və qravüraçı rəssam Elturanın karikatura və rəsmlərindən istifadə olunub. Kitabın üz qabığında “Molla Nəsrəddin” jurnalının 1906-cı ildə çap olunan birinci nömrəsindən O.Şmerlinqin çəkdiyi “Müsəlman dünyasının oyanması” rəsm əsəri verilib. Annotasiyada C.Məmmədquluzadənin xalq həyatını realist əks etdirdiyi, “insanların azad və ləyaqətlə yaşamasına mane olan halları satira atəşinə tutduğu” xüsusi qeyd edilib. 
   “Nigarançılıq” toplusu görkəmli ədibin Baltikyanı ölkələrdə çapdan çıxan ilk kitabıdır. Kitabın tərcüməsi və nəşri Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.
   Hazırda akademik İ.Həbibbəyli C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini dünyanın 25 dilində müqəddimə, foto və illüstrasiyalarla birlikdə çapa hazırlayır.