Qətərin Əl-Cəzirə telekanalı Azərbaycanla bağlı silsilə reportajlarını davam etdirir.
   Növbəti reportajlarda respublikamızın cənub bölgəsinin folklorundan və çay ənənəsindən bəhs olunub.
   Reportajlardan birində Lənkəranda fəaliyyət göstərən “Nənələr” folklor kollektivi haqqında məlumat verilir. Jurnalist yüz illərdən bəri nəsildən-nəslə ötürülən nəğmələrin bu kollektiv tərəfindən məharətlə ifa edilməsindən söhbət açır. Bildirir ki, bu nəğmələr həmin diyarın irsindən xəbər verir. 
   Ansamblın üzvü Gülbəzək Kərimova telekanalın müxbirinə müsahibəsində deyir: “Əsrlərdən bəri oxunan bu nəğmələrlə biz yaşadığımız gündəlik həyatımızı, arzularımızı tərənnüm edirik”. 
   “Biz uşaqlarımıza talış xalqı ilə yanaşı, başqa xalqların da folklorunu öyrədirik. Bununla da ölkəmizin mədəniyyətinin zəngin və rəngarəng irsinin sintezini çatdırmağa çalışırıq”, - deyə ansamblın digər üzvü Qızbəs Əhədova qeyd edir.
   Reportajda folklorşünas Azad Həsənlinin fikirlərinə də yer verilir: “Azərbaycan folklorunda onlarla ifadə formaları var. Biz ölkəmizdəki multikulturalizmlə və folklorumuzun zəngin sintezi ilə fəxr edirik”.
   Əl-Cəzirə kanalının respublikamızın cənub bölgəsindən hazırladığı daha bir reportaj çayçılığa həsr edilib. Reportajda bildirilir ki, çay azərbaycanlıların həyat tərzidir. Müəllif vurğulayır ki, çay süfrəsi insanları bir yerə toplayır. Müxtəlif mərasimlər, o cümlədən elçilik zamanı çaydan istifadə olunur. Çay həm də iqtisadi baxımdan bölgə üçün əhəmiyyətə malikdir. Yüzlərlə sakin çayın becərilməsi ilə məşğul olur. Reportajda Azərbaycan çayında kimyəvi tərkiblərin olmadığı da diqqətə çatdırılır.