Azərbaycan
    
   11 yanvar 1906 - Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906-1979) anadan olub.
   11 yanvar 1994 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (8.3.1940 - 1994) vəfat edib. “Alma almaya bənzər”, “Qızıl uçurum”, “Qanlı zəmi”, “Fəryad” və s. filmlərdə quraşdırılmış səhnələrin operatoru olub.
   
   12 yanvar 1908 - Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera əsəri idi. Bəstəkarın Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı. 
   12 yanvar 1925 - Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925 - 24.11.1982) Quba rayonunun Susay kəndində doğulub.
   12 yanvar 1928 - Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli (1928 - 15.2.2016) anadan olub. Estetika və bədiilik məsələlərinə dair əsərlərin, "Qardaşım mənim-sirdaşım mənim", "Bir ömrün iztirabları" və s. povestlərin müəllifidir.
   12 yanvar 1940 - Xalq artisti, klarnet ifaçısı, Prezident təqaüdçüsü Vəli Nurbala Qədimov (1940 -15.4.2009) Bakıda anadan olub. 
   12 yanvar 2004 - Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb. Milli Ensiklopediyanın ilk xüsusi nəşri - “Azərbaycan” cildi 2007-ci ildə çapdan çıxdı.
   
   13 yanvar 1897 - Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 - 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, ikicildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926) işləyib. 
   13 yanvar 1909 - Tanınmış tarzən, xanəndə Şirulla İmanov (1909 - 4.2.1976) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında vokal və tar ifaçısı kimi çıxış edib.
   13 yanvar 1945 - Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə anadan olub.
   13 yanvar 1951 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Yaqub oğlu Mehdiyev Bakıda anadan olub. Quruluş verdiyi filmlər: “Evlənmək istəyirəm”, “Kişi sözü” (eyni zamanda baş rolun ifaçısı) və s.
   13 yanvar 2003 - Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 - 2003) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Qaraca qız”, “Dəli Kür”, “Dərviş Parisi partladır” və s.) maraqlı obrazlar yaradıb. 
   
   Dünya
    
   11 yanvar 1875 - SSRİ Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Reynqold Moriseviç Qliyer (1875 - 23.6.1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə” Azərbaycan SSR-in Xalq artisti (1934) adına layiq görülüb.
   11 yanvar 1943 - İspan yazıçısı Eduardo Mendoza (Eduardo Mendoza i Garriga) anadan olub. “Nyu-York”, “Naməlum ada”, “Möcüzələr şəhəri” və s. romanların müəllifidir.
   
   12 yanvar 1628 - Fransız yazıçısı Şarl Perro (Charles Perrault, 1628 - 1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.
   12 yanvar 1910 - Alman aktrisası Luiza Rayner (Luise Rainer; 1910 - 30.12.2014) Vyanada anadan olub. 105 yaşında vəfat edən aktrisa ən qocaman “Oskar” laureatı (1936, 1937) kimi tarixə düşüb.
   12 yanvar 1876 - Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 1876 - 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.
   12 yanvar 1936 - Latviya bəstəkarı, SSRİ Xalq artisti Raymond Pauls (Ojars Raimonds Pauls) anadan olub. 
   12 yanvar 1949 - Yapon yazıçısı Haruki Murakami anadan olub. "Norveç meşəsi", "Kafka sahildə", “1Q-84” və s. romanların müəllifidir.
   
   13 yanvar 1931 - Rus yazıçısı, ssenarist və dramaturq Arkadi Aleksandroviç Vayner (1931 - 24.4.2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə detektiv əsərlərin müəllifidir: “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası” (povest əsasında “Görüş yerini dəyişmək olmaz” telefilmi çəkilib), “Cəlladın incili” və s.
   13 yanvar 1937 - Gürcüstanın və Rusiyanın Xalq artisti Ariadna Vsevolodovna Şengelaya (Şprink) anadan olub. “Azərbaycanfilm”də “Romeo mənim qonşumdur” filmində (Nona) çəkilib.
   
   Hazırladı: Vüqar Orxan