AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı İradə Vəzirovanın “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
   Kitabda görkəmli alim, şair, mütəfəkkir, hərbi diplomat Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığına aid sənədlərin, onun haqqında yazılan məqalələrin təsviri verilib. Nəşrdə A.Bakıxanova aid yüzdən çox məktub, təliqə, dörd arxiv iş qovluğu, “Müasirləri Bakıxanov haqqında” kitabının makina çapı, üç müqavilə, iki teleqram, üç raport, 23 elmi məqalə, 31 məktub zərfi, beş şəkil və digər sənədlər yer alıb, ilk dəfə onların izahlı elmi təsviri verilib.
   Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, rəyçisi Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.