Gənc rejissor Demen Şazellin “La La Lend” filmi yeddi nominasiyada mükafat qazandı
   
   Yanvarın 8-də ABŞ-ın Los-Anceles şəhərində Xarici Jurnalistlər Assosiasiyasının kino və televiziya sahəsində təqdim etdiyi və əhəmiyyətinə görə yalnız “Oskar”dan geri qalan “Qızıl qlobus” mükafatının 74-cü təqdimetmə mərasimi keçirilib.   
   1944-cü ildən etibarən təqdim edilən “Qızıl qlobus” kino mükafatı 25 kateqoriyada sahiblərini tapıb. Builki mərasimi komediya ustası Cimmi Fallon aparıb.
   Gecənin əsas zəfər sahibi amerikalı gənc rejissor, 32 yaşlı Demen Şazellin “La La Lend” filmi olub. Komediya və müzikl bölməsi üzrə yarışan ekran əsəri üst-üstə yeddi nominasiyada mükafata layiq görülüb. “La La Lend” “Ən yaxşı komediya və ya müzikl” nominasiyası üzrə əsas mükafatı, Demen Şazell "Ən yaxşı rejissor" nominasiyası üzrə “Qızıl qlobus”u qazanıb. Bundan əlavə, film ən yaxşı ssenari, musiqi (Castin Qurvits) və orijinal mahnı («City Of Stars») nominasiyalarında qalib olub. Həmçinin, filmdə rol alan Rayan Qoslinq və Emma Stoun ən yaxşı baş rol ifaçıları kimi fərqləniblər. 
   Qeyd edək ki, “La La Lend” bu mükafat sayı ilə “Qızıl qlobus”un tarixində rekorda imza atıb. İndiyədək Miloş Formanın “Qu quşunun yuvası üzərindən uçarkən” (1975) filmi altı mükafat qazanmışdı.
   Dramatik film bölməsi üzrə mükafatlar isə daha çox iddiaçı arasında paylanıb.
   Keysi Afflek "Dəniz sahilindəki Mançester" filmindəki (rejissor Kennet Lonqran) roluna görə "Ən yaxşı dramatik aktyor" mükafatına layiq görülüb. 
   Barri Cenkinsin “Ay işığı” filmi “Ən yaxşı dramatik film" nominasiyasında qalib gəlib. Mükafata layiq görülənlər arasında Donald Qlover («Atlanta» serialında baş rolun ifaçısı) və Vayola Devis («Ay işığı» filmi) də var.
   Pol Verxuvenin “O qadın” filmi “Xarici dildə ən yaxşı film”, baş rolun ifaçısı fransalı İzabel Yupper “Ən yaxşı dramatik aktrisa” kateqoriyalarının qalibi olub.
   “Ən yaxşı animasiya filmi” nominasiyasında “Zootopia” mükafata layiq görülüb. Britaniya kral ailəsinin tarixindən bəhs edən “Tac” ən yaxşı dramatik serial seçilib. Britaniyalı aktrisa Kler Foy isə bu filmdə gənc II Elizabet rolunun ifasına görə mükafatlandırılıb.
   Mükafatsız qalanlar arasında Mel Gibsonun "Vicdan mülahizələrinə görə" filmi olub.
   Gecənin qonaqları üçün əsas məqam Sesil B. De Mill mükafatına layiq görülmüş məşhur aktrisa Meril Stripin çıxışı olub. Onun uzun monoloqu tamaşaçıların göz yaşları və uzun sürən alqışları ilə qarşılanıb.
   Qeyd edək ki, "Qızıl qlobus" mükafatı Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatı üçün əsas proqnoz hesab edilir. "Qızıl qlobus"u qazananlar bir qayda olaraq "Oskar"da da mükafatsız qalmırlar.
   Bu arada Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) da mükafatlara əsas nominantları elan edib. “La La Lend” musiqili filmi 11 nominasiya üzrə mükafata iddiaçıdır. BAFTA mükafatlarının sahibləri fevralın 12-də məlum olacaq.
   
   İlona Qubadova