20 Yanvara həsr edilmiş rəsm sərgisi
   
   Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Tariximizin qəhrəmanlıq salnaməsi” mövzusunda rəsm sərgisi açılıb.
   Tədbirdə muxtar respublika Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva və digər çıxış edənlər 20 Yanvar faciəsinin xalqımızın qürur tarixi, qəhrəmanlıq salnaməsi kimi tarixə düşdüyünü vurğulayıblar.
   Qeyd edilib ki, rəssamlarımız əsərlərində daim bu mövzuya müraciət edir, xalqımızın qəhrəmanlıqlarla zəngin mübarizə tarixini əsərlərində canlandırırlar.
   Məktəblilər şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.
   Sonra sərgiyə baxış olub. İsmayıl İsmayıllının “Şəhidlərimiz”, Eldar Bayramovun “20 Yanvar gecəsi”, Həbibə Allahverdiyevanın “Azadlıq”, Səyyad Bayramovun “Şəhid ömrü” və digər rəsm əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
   Sərgidə 32 rəssamın 40-a yaxın əsəri nümayiş etdirilib.