Saytda Xəzəryanı ölkələrin tarixi, mədəni irsi, milli mətbəxi, xalq yaradıcılığı və turizmi ilə bağlı bölmələr yaradılıb
   
   Rusiya Federasiyasının Həştərxan vilayətində “Kaspiyskiye novosti” (https://casp-news.ru) beynəlxalq informasiya portalı işə başlayıb.
   “Kaspiyskiy press-sentr” informasiya agentliyi tərəfindən həyata keçirilən layihənin məqsədi Xəzəryanı bölgənin media məkanını birləşdirmək, vahid informasiya məkanı yaratmaq, auditoriyanın diqqətini Xəzəryanı dövlətlərdə baş verən iqtisadi, siyasi və humanitar proseslərə və hadisələrə cəlb etmək, bu dövlətlərin xalqlarının inkişafına, onların inteqrasiyasının dəstəklənməsinə və fəallaşmasına kömək etməkdir.
   Layihənin həyata keçirilməsi gedişində dörd Xəzəryanı ölkənin (Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) hər birinin, habelə Rusiyanın Xəzər sahillərində yerləşən üç regionunun (Həştərxan, Kalmıkiya və Dağıstan) müxbirləri tərəfindən hər gün bu saytın səhifələrində onlayn rejimində xəbərlər yerləşdirilməsi üçün portalın xüsusi müxbir şəbəkəsinin yaradılması nəzərdə tutulur.
   Portalın “Xronoqraf” bölməsi eksklüziv müəllif mətnləri, rəngli illüstrasiyalar, fotoşəkillər və nadir arxiv sənədləri vasitəsilə Xəzəryanı ölkələrin xalqlarının həyatı ilə bağlı maraqlı tarixi faktları öyrənməyə imkan verəcək.
   “Turizm” bölməsində Xəzəryanı ölkələrin dini ziyarətgahları, mədəni və təbii baxımdan əlamətdar yerləri, bu xalqların bayramları, suvenirləri, xalq sənətləri, milli mətbəxi və xalq yaradıcılığı barədə söhbət açılır.
   Layihənin həyata keçirilməsi Xəzəryanı dövlətlər arasında işgüzar və humanitar əlaqələri möhkəmlətməyə imkan verəcək, Xəzəryanı ölkələrin ərazisində yeni birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq.