Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı Rusiya kanalında erməni melodiyası kimi təqdim olunub
   
   Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ermənilərin növbəti əqli mülkiyyət oğurluğu haqqında açıqlama yayıb. Açıqlamada bildirilir ki, Rusiyanın “Telekafe” kanalında yayımlanan “Puteşestvie za vkusom” verilişinin 2017-ci ilin 8 yanvar tarixində “erməni mətbəxi”nə həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb. 
   Qeyd olunur ki, “Sən gəlməz oldun” mahnısı Ələkbər Tağıyevin ən məşhur bəstələrindən biridir. Mədinə Gülgünün sözlərinə yazılmış mahnı 1973-cü ilin 15 mart tarixində Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsində qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqisi kimi tanınır. Bu mahnının musiqisindən istifadə edən ermənilərin başlıca məqsədi musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır.
   Agentlik bəyan edir ki, Ələkbər Tağıyevin varisi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün Civan Qasparyan (erməni balaban ifaçısı) tərəfindən onlardan icazə alınmadığını bildirib. Vurğulanır ki, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi Tatyana Lipniçkaya və Özbəkistan müğənnisi Oksana Neçitaylo da bu mahnının musiqisindən qeyri-qanuni istifadə ediblər. Həmin vaxt Müəllif Hüquqları Agentliyi bununla bağlı Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb.
   Məlumatda qeyd olunur ki, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Onlar Azərbaycanın “Sarı gəlin”, “Süsən-sünbül” və digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi tərəfindən geniş, tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və Dünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.