Azərbaycanın şimal-qərb sərhədində yerləşən Balakən rayonu əsrarəngiz təbiəti, qədim tarixi abidələri ilə turistlər üçün cəlbedici məkana çevrilməkdədir. Müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması nəticəsində son illər rayona gələn turistlərin sayında xeyli artım müşahidə olunur. 2010-cu ildə Balakənə 7 min 935 nəfər turist gəlmişdisə, 2016-cı ildə bu göstərici 22 min 618 nəfər olub. Gələnlərin 7 min 466 nəfərini xarici turistlər təşkil edib.
   Rayonda 12 turizm marşrutu və rekreasiya zonası müəyyənləşdirilib. Kənd yaşıl turizmi, ekoturizm, həmçinin dağ, atçılıq və balıqçılıq turizmi inkişaf etməkdədir. Hazırda rayonda dövlət qeydiyyatına götürülən 29 tarix və mədəniyyət abidəsi var. Abidələrin əksəriyyəti turizm marşrutlarına daxil edilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı isə rayona gələn turistlərin ən çox üz tutduqları məkanlardan biridir. 1200 metr uzunluğunda kanat yolu və attraksionlar daim turistlərin xidmətindədir.