Qətərin Əl-Cəzirə telekanalının Azərbaycanla bağlı silsilə reportajlarının növbətisi Qarabağ atlarına həsr olunub. Reportajda dünyada tayı-bərabəri olmayan Qarabağ atları haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Günəş şüaları altında parıldayan qızılı-narıncı, açıq və tünd qonur rəngli bu atlar ekstremal şoularda xüsusilə seçilirlər. Bu atlar, həmçinin öz həssaslıqları, sahiblərinə sədaqətli olmaları ilə fərqlənirlər.
   Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev telekanalın müxbirinə müsahibəsində Qarabağ atlarının xüsusiyyətləri barədə danışır. O deyir ki, bu növ atlar başqa məşhur at cinsləri ilə müqayisədə ortaboylu olsalar da, keçilməz dağlıq ərazilərdə uzun müddət yol qət edə bildikləri üçün ən yaxşı atlardır.
   Reportajda diqqətə çatdırılır ki, Azərbaycanda bu at cinsinin genetik fondunun qorunmasına xüsusi diqqət verilir.
   Çövkən oyunu üzrə məşqçi və hakim Namiq Orucov bildirir ki, Qarabağ atları atüstü yarışlarda mühüm rol oynayır. Bu yarışların ən məşhuru çövkən oyunudur. O deyir ki, nəsildən-nəslə keçərək əcdadlarımızdan bizə gəlib çatan çövkən oyunu yalnız Qarabağ və Dilbaz atları ilə oynanılır. 
   Müəllif vurğulayır ki, Azərbaycanda çövkən oyunu ilə müxtəlif yarışlar keçirilir və böyük maraqla qarşılanır.
   Reportajda, həmçinin Gülnaz adlı atüstü oyunlar üzrə idmançı ilə müsahibəyə yer verilir. İxtisasca neft mühəndisi olan Gülnaz Qarabağ atlarına sevgisi səbəbindən özünü bu cinsin qorunması, xarakterik xüsusiyyətlərinin dünyada tanıdılması işinə həsr edib. O, deyir ki, indiyədək dünyanın bir neçə müxtəlif at cinsi ilə işləyib. Lakin Qarabağ atı qədər onu özünə çəkən və rəğbətini qazanan at olmayıb.