İrlandiyanın ucuz qiymətli reysləri ilə tanınan “Ryanair” şirkəti Avropada sərnişin daşımalarına görə “Lufthansa” şirkətini “taxt-tac”dan məhrum edib. Ötən il 15 faiz artıma nail olan “Ryanair” bu il 117 milyon sərnişini öz təyyarələrinin bortunda salamlayıb. Bununla da “Ryanair” 2016-cı ildə Avropada ən çox sərnişin daşıyan aviaşirkət olub.
   Ucuz qiymətli biletlər, izafi xərclərin aşağı salınması və ən əsası isə yeni marşrutlar üzrə açılan reyslərin sayının artırılması müştərilərin artmasına müsbət təsirini göstərib.
   Avropada mülki sərnişindaşımalarda lider olan “Lufthansa” isə ötən ili 109,7 milyon sərnişin ilə başa vurmalı olub. Bu göstəricilərə konsernin tərkibinə daxil olan “Swiss”, “Austrian Airlines” və “Eurowings” aviaşirkətlərinin müştəriləri də daxildir. 
   Üçüncü yerdə isə 101 milyon sərnişinlə “British Airways” və “İberia” (İspaniya) aviaşirkətlərinin daxil olduğu “International Airlines Group” holdinqi dayanır. Ötən il 93 milyon sərnişin daşıyan “Air France-KLM” aviaşirkəti siyahıda dördüncü yerdədir.
   Sərnişin sayında birincilik əldə etməsinə baxmayaraq, daha çox Avropa daxilində və Aralıq dənizi hövzəsində uçuşlar həyata keçirən “Ryanair” illik gəlirə görə “Lufthansa”dan geridə qalıb. 2016-cı ildə operativ gəlirləri 1,8 milyard avroya çatan “Lufthansa” Avropanın ən gəlirli aviaşirkəti statusunu özündə saxlaya bilib.
   Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, aviaşirkətlər vasitəsilə dünya üzrə ötən il 3,5 milyard sərnişin daşınıb.