Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) builki mükafatlara əsas nominantları elan edib. Mükafatın təqdimetmə mərasimi fevralın 12-də Londonda baş tutacaq.
   Amerikalı rejissor Demen Şazellin “La La Lend” musiqili filmi 11 nominasiya üzrə mükafata iddiaçıdır. Ekran əsəri "Ən yaxşı film", "Ən yaxşı kişi aktyor" (Rayan Qoslinq), "Ən yaxşı aktrisa" (Emma Stoun), "Ən yaxşı rejissor" və "Ən yaxşı ssenari" (iki nominasiyada Demen Şazell təqdim olunub) və s. kateqoriyalarda təqdim olunub. Xatırladaq ki, “La La Lend” bir neçə gün öncə Los-Ancelesdə “Qızıl qlobus” mükafatının 7 nominasiya üzrə qalibi olub.
   Tom Fordun "Gecə heyvanları" filmi 9 nominasiya üzrə BAFTA mükafatına təqdim olunub. Rejissor Deni Vilnevanın "Çatma" fantastik dramı da 9 nominasiya üzrə mükafata iddialıdır. Kennat Lonqranın "Dəniz sahilindəki Mançester" filmi 6 nominasiya üzrə təqdim olunub.
   Qeyd edək ki, “Qızıl qlobus” və BAFTA mükafatları bir qayda olaraq ilin ən böyük kino mükafatına - “Oskar”a aparan yolda mühüm cığırlar hesab olunur. Amerika Kino Akademiyasının “Oskar” mükafatının builki sahibləri 26 fevralda elan olunacaq.
   
   İlona Qubadova