Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun saytında dərc olunan məqaləsində Azərbaycanın iqtisadi prioritetləri açıqlanıb   

   “2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunları Azərbaycana gələn turistlərin sayını xeyli artıracaq” 

   Yanvarın 17-də İsveçrənin dağ-xizək kurortu olan Davosda ənənəvi Dünya İqtisadi Forumu işə başlayıb. 1971-ci ildən keçirilən Davos İqtisadi Forumuna bu il rekord sayda - 70 ölkədən 3 minə yaxın iştirakçı qatılıb. Onların arasında 30-a yaxı ölkə başçısı, mindən çox iri şirkət və korporasiyanın rəhbəri var. Yanvarın 20-dək davam edəcək Forumda dünya iqtisadiyyatının gündəmi diqqətə alınacaq, çağırış və perspektivlər müzakirə olunacaq.
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Davos İqtisadi Forumunda iştirak edir. Dövlət başçısı bir sıra görüşlər keçirib.
   Tədbir öncəsi Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc olunub. 
   Məqalədə qeyd olunur ki, hazırda iqtisadi siyasətin prioritetləri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafıdır. Qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığa xidmət edir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmalıdır. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində isə ötən il Azərbaycan ərazisində bütün tikinti işləri başa çatdırılıb. Məqalədə ölkəmizdə sənaye parklarının və zonalarının yaradılması, ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ölkənin tranzit kommunikasiya dəhlizi potensialının genişləndirilməsi ilə bağlı tədbirlərdən bəhs olunur. 
   Vurğulanır ki, son zamanlar elektron vizaların verilməsi, “Tax Free” sisteminin tətbiqi, Birinci Avropa Oyunları və Formula-1 kimi mötəbər tədbirlərin keçirilməsi ölkədə turizmin inkişafına əhəmiyyətli töhfə verir.
   Eyni zamanda, bildirilir ki, əldə etdiyimiz real uğurlarla yanaşı, çağırışlarla da üzləşmişik. Qlobal iqtisadi böhran prosesləri Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib, gəlirlər azalıb, milli valyuta ucuzlaşıb. Lakin adekvat addımlar ataraq biz bu çətinliklərin öhdəsindən uğurla gəlirik. Daha dayanıqlı inkişafa nail olmaq üçün “Strateji Yol Xəritəsi” təsdiqlənib, struktur, institusional, pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin islahatlar aparılır.
   Məqalədə qeyd olunur ki, Azərbaycanın gücü təkcə iqtisadiyyatla məhdudlaşmır: “Azərbaycan çoxmillətli bir ölkədir. Əsrlər boyu burada müxtəlif etnik qruplar və dini icmaların nümayəndələri sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayıblar. Azərbaycanda tolerantlıq ruhu daim hökm sürüb və 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Ölkəmiz artıq sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoqa həsr olunmuş mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mühüm bir məkana çevrilib. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində uğurla təşkil olunması bunun yaxşı nümunəsi və dünya ölkələrinin Azərbaycandakı multikulturalizm mühitinə olan münasibətinin real ifadəsi idi. Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini xüsusilə qeyd etmək lazımdır. Bu səfər zamanı Roma Katolik Kilsəsinin rəhbəri dünyaya çox açıq mesajlar göndərdi. Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi”.
   Bildirilir ki, Azərbaycan mötəbər idman tədbirlərinə ev sahibliyi edən dünyanın tanınmış ölkələrindən biridir. Bu il yenidən beynəlxalq idman aləminin diqqəti Azərbaycanda olacaq. 2017-ci ildə ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. İdman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcək bu tədbirlər həm də Azərbaycana gələn turistlərin sayını xeyli dərəcə artıracaq, bununla da ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsi işinə xidmət göstərəcək.
   Məqalədə vurğulanır ki, iqtisadiyyatın şaxələndirilməsi işi demək olar ki, başa çatmaqdadır. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür. Bu gün qarşımızda duran əsas məqsəd ixracın şaxələndirilməsidir. 2016-cı ildə atdığımız addımlar bu məqsədə nail olunması işinə xidmət edəcək. Azərbaycan artıq Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci yerdə) və biz bu uğuru daha da möhkəmləndirmək əzmindəyik.