Şəhid pilotlar yad edilib
   
   Yanvarın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Aprel xatirələri” adlı tədbir keçirilib. 
   Tədbir 2016-cı ilin aprel döyüşlərində “Mi-24” helikopterinin vurulması zamanı şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunub.
   Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid ailələrinin üzvləri - Əli Musazadə, Şəbnəm İsmayılova, Ceyran Axundova, Vidadi Vəlizadə, Pərişan Musazadə və başqaları keçən il aprelin 2-də Azərbaycan ordusunun apardığı müzəffər döyüşlərdən, üç şəhidin ömür yolundan söhbət açıblar, onlarla bağlı xatirələrini danışıblar.
   Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin üzvləri şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
   Sonda aprel döyüşləri qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Şahinlər” adlı sənədli film nümayiş etdirilib.