Bakıda rumın şair Mixay Emineskunun doğum günü ilə bağlı tədbir
   
   Məşhur rumın bəstəkarı və musiqiçisi Corce Eneskunun Bakıdakı abidəsi önündə xatirə tədbiri keçirilib. 
   Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku çıxış edərək bildirib ki, tədbir rumın ədəbiyyatının klassiki, şair Mixay Emineskunun (Mihai Eminescu) doğum günü ilə bağlıdır. Görkəmli şair 15 yanvar 1850-ci ildə anadan olub, 1889-cu ildə dünyasını dəyişib.
   “Mədəniyyət dünyada müxtəlifliklər arasında körpü yaradan, insanları ümumi ideya və hisslər ətrafında toplayan ən güclü vasitələrdən biridir. Brançuşinin heykəlləri və ya Nizaminin epik romanları Bakıda və Buxarestdə eyni hiss və ideyaları yarada bilir. Bu kimi tədbirlərlə, ölkəmin mədəniyyətinin müxtəlifliyini, zənginliyini Azərbaycanda daha yaxşı işıqlandırmaqla ölkələrimiz arasında bağları gücləndirəcəyimə inanıram”, - deyə diplomat bildirib.
   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevə Rumıniya ilə Azərbaycanın çox yaxın dost və strateji tərəfdaş ölkələr olduğunu bildirib. O, ölkəmizdə Rumıniya mədəniyyətinin yüksək qiymətləndirildiyini və bu sahədə əməkdaşlığın inkişaf etdiyini deyib.
   Tədbirdə M.Emineskunun Azərbaycan, rumın və ingilis dillərində şeirləri səsləndirilib.