Yanvarın 14-də Azərbaycan Xalça Muzeyində növbəti sənət mühazirəsi dinlənildi. Bu dəfə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynov «Azərbaycan xalçaçılığında bədii təfəkkür və ornament motivlərinin semantikasının varisliyi» mövzusunda çıxış etdi. 
   Əslində mühazirə deyəndə insan düşüncəsində faktların ard-arda düzüldüyü cansıxıcı mətnin vərəqdən monoton oxunması təəssüratı baş qaldırır. Lakin səlis nitq qabiliyyətinə malik, maraqlı söhbət etməyi bacaran, ən başlıcası, öz tədqiqat mövzusunun vurğunu olan Məmmədhüseyn müəllimin mühazirəsini dinləmək hər kəsə xoş gəlir. Digər tərəfdən, onun bəhs etdiyi mövzu əsrlər boyu bizim gen yaddaşımızda kodlaşmış xalçaçılıq sənətində bilmədiyimiz mətləblərin izahına yönəlmişdi. 
   Mühazirəçi söhbətinə «xalçaların sirrini açmaq üçün mütləq mifologiyanı bilmək lazımdır» fikri ilə başladı. Mirəli Seyidov ilə Məmmədhüseyn Təhmasibin əsərlərini öyrənmədən Azərbaycan xalçalığında geniş yayılmış ornamentlərin semantikasını dərk etməyin mümkünsüz olduğunu deyən M.Hüseynov bu qədim sənəti anlamaq üçün əski inancların, şumer və türk kultlarının rəmzi işarələrinin xalça naxışlarına çevrilməsindən danışdı. 
   Bildirildi ki, Şərqi Anadolu və indiki Cənubi Azərbaycan ərazisinin dünya xalçaçılıq sənətinin yaranma bazası olan qoyunçuluğun, yundan ip, sap əyirmə texnologiyasının vətəni olduğu çoxdan təsdiqlənib. Azərbaycan nağıllarında, əsatirlərində də buna dair xeyli misal tapmaq olar. Mühazirəçi xalçalarımızda istifadə olunan rəmzlərin hər hansı predmetə oxşadığına görə o cür adlandırılmasının yanlış olduğunu bildirdi, həmin işarələrin qədim tayfaların bayraqlarında, gerb və möhürlərində istifadə edilən fərqləndirici rəmzlər olduğunu anlatdı. 
   Xalça ornamentlərinin dilini öyrənməyə bir ömrün belə bəs etməyəcəyini hər kəs bilsə də, Məmmədhüseyn müəllimin danışdıqları çox maraqlı idi. Təsadüfi deyil ki, dinləyicilər arasında təkcə tətbiqi sənət üzrə ali təhsil alanlar yox, xalça sənətinə vurğun olanlar, hətta ölkəmizdə çalışan əcnəbilər də var idi. 
   Sonda mühazirəçi dinləyiciləri maraqlandıran suallara cavab verdi. 
   
   G.Mirməmməd