Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib. “İntellekt” ümumtəhsil məktəbinin şagirdləri muzeyin qonağı olublar. 
   Şagirdlər muzeyin kolleksiyasından XVII-XIX əsrlərə aid silah sənəti nümunələri, hərbi geyimlər, batal janrında çəkilmiş əsərlər, habelə görkəmli rəssamlarımızın Qanlı Yanvar mövzusunda yaratdığı əsərlərdən ibarət kiçik sərgi ilə tanış olublar. 
   Sonra məktəblilər erməni təcavüzünə uğramış, bir vaxtlar Şuşada ucalan, indi isə Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün büstlərini ziyarət edib.
   * * *
   Yanvarın 19-da Bülbülün memorial muzeyində “20 Yanvar - Tariximizin qəhrəmanlıq səhifəsi” adlı sərgi keçirilib. 
   Tədbirdə 1990-cı ilin 20 yanvar hadisələrinin ən amansız cinayətlərdən biri olduğu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktının insanlığa qarşı törədilmiş cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacağı diqqətə çatdırılıb.
   Gün ərzində muzeydə Qanlı Yanvar hadisələrinə həsr olunmuş filmlər nümayiş etdirilib. 
   * * *
   Üzeyir Hacıbəylinin ev-muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
   Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi, bəstəkar və dirijor İsmayıl Hacıyev və digər çıxış edənlər 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını deyərək, şəhidlərin müstəqilliyimizin əldə olunmasında oynadığı rolu xüsusi vurğulayıblar.
   Çıxışlardan sonra Hüseyn Cavidin 1918-ci ildə yazdığı “Qaçqın” şeirinə S.Fərəcovun bəstələdiyi eyniadlı mahnı səsləndirilib. Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin tələbəsi Xəyal Hüseynov muğam və təsniflər ifa edib, “Aytam” İctimai Birliyinin üzvlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.