“İslam həmrəyliyi ili” müsəlman ölkələri ilə mədəniyyət və turizm əlaqələrinə töhfə verəcək
   
   Yanvarın 18-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi ilə görüşüb.
   Nazir müavini qonağa Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verib.
   Vurğulanıb ki, Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu qarşılıqlı turist axınının daha da intensivləşdirilməsinə töhfədir və bunun nəticəsi olaraq 2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayı 5,5 dəfə artıb.
   Görüş zamanı iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olunub. Xalid Ali Naemi Qətərdə bu sahədə mövcud standartlar və görülən işlər barədə danışıb. Nazir müavini ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərində sözügedən şəxslər üçün müvafiq infrastrukturun yaradılmasına dair meyarların mövcudluğunu və bunun mehmanxana və mehmanxana tipli obyektlərlə bağlı müvafiq dövlət standartında öz əksini tapdığını qeyd edib.
   Söhbət zamanı ölkələrimiz arasında mədəniyyət sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu, qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirildiyi bildirilib.
   Azərbaycan ilə müsəlman ölkələri arasında bütün sahələr üzrə əlaqələrin yüksək səviyyədə olduğunu deyən N.Səmədov 2017-ci ilin Azərbaycan Prezidenti tərəfindən “İslam həmrəyliyi ili” elan olunduğunu diqqətə çatdırıb, bu qərarın respublikamızla islam dünyası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa da töhfə verəcəyinə inamını ifadə edib.