27 il keçir... Yaşadığımız hər il bizi 20 Yanvar faciəsindən zaman baxımından uzaqlaşdırır. Bu illər ərzində Azərbaycanda 20 Yanvar faciəsinə həsr olunmuş neçə şeir, poema bəstələnib, 1990-cı ilin yanvar hadisələri neçə ekran əsərinin süjetinə çevrilib, neçə rəssam və bəstəkar faciə qurbanlarının xatirəsi qarşısında sənətkar borcundan çıxıb. Biz isə bu yazımızda teatrdan söz açırıq. 
   
   Səhnəyə ilk çıxan «Şəhidlər» oldu... Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 20 Yanvara həsr olunmuş səhnə əsərini elə faciənin baş verdiyi 1990-cı ildə hazırladı. Xalq şairi Bəxtiyar Vahabzadənin Qara Yanvardan az sonra yazdığı «Şəhidlər» poeması əsasında teatrın o vaxtkı baş rejissoru, Xalq artisti Ağakişi Kazımov eyniadlı tamaşa-kompozisiya səhnələşdirdi. Bir neçə il repertuardan düşməyən bu tamaşanın bir proqramı əlimizdədir. Teatrın mətbuat xidmətinin lütfkarlıqla bizə təqdim etdiyi həmin proqramın üstündə bir tarix əl yazısı il qeyd edilib: 17 yanvar 1991-ci il. Proqramda tamaşa iştirakçılarının adlarını oxuyuruq: Xalq artistləri Firəngiz Şərifova, Süleyman Ələsgərov, Əməkdar artist Firdovsi Naibov, aktyorlar Elxan Qurbanov, Azər Mirzəyev... 
   Nə vaxtdır ki, bu aktyorlar da haqq dünyasındadırlar. Amma lent yazısında sağdırlar, özlərində mənəvi qüvvə tapıb belə bir ağır, məşəqqətli hadisəyə həsr olunmuş şeirləri söyləyir, yarası qaysaq tutmamış iztirabı təkrar-təkrar yaşayırlar. Həmin tamaşanı bircə dəfə seyr etmiş tamaşaçının qulaqlarında şəhid olmuş oğlunun cəsədini axtaran Ananın - mərhum aktrisa Firəngiz Şərifovanın naləsi hələ də səslənir... 
   
   20 Yanvar faciəsinin ana xətt kimi içindən keçdiyi digər bir əsər də yenə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarındakı «Mənim ağ göyərçinim» dramıdır. Yazıçı-dramaturq Tamara Vəliyevanın bu pyesinin ilk tamaşası 21 noyabr 1999-cu il tarixində oynanılıb. 2010-cu ildə əsər yenidən tamaşaya hazırlanıb. Süjeti ötəri hisslərə aldanmaqla əsl sevgiyə xəyanət, ya da var-dövlət hərisliyi üzündən saf sevgiyə qarşı çıxmaq olan səhnə əsərləri daim aktualdır. Bu mövzu, ilk sevginin xatirəsi üzərində qurulmuş əsərdə 20 Yanvar faciəsi artıq bir obraz kimi çıxış edir. Çünki Qara Yanvar gecəsində haqqa qovuşanlar həyatlarını, şahidlər isə sevgilərini, gələcəklərini də itirmişdilər. Cəsarətlə demək olar ki, artıq teatrda məhz bu tamaşa ilə böyümüş cavan aktyor nəsli yetişib. 
   Ənənəvi olaraq, hər il yanvarın 20-də bu tamaşa teatrda nümayiş olunur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnə tərtibatçısı, Gürcüstanın M.Tumanişvili adına teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur. Rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlardan Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları oynayır. 
   
   Milli-azadlıq mübarizəsi tariximizdə 20 Yanvar faciəsi həm qanlı, həm də şərəfli səhifədir. Ötən il Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulan Aydın Murovdağlının “Alın yazısı” əsəri 70 illik imperiya buxovlarına qarşı əliyalın qalxan azadlıq, müstəqillik uğrunda savaşa qalxan, meydanlara çıxan insanlarımızın taleyindən, xalqımızın çəkdiyi iztirablardan bəhs edir. Xalq artisti Vaqif Şərifovun quruluş verdiyi tamaşada Xalq artisti Pərvanə Qurbanova, aktyorlar Elxan Abbasov, Yusif Cəfərov, Sevda Orucova və başqaları çıxış edirlər. 
   
   Bir neçə ildir ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarında milli müstəqillik və Qarabağ, itirilmiş torpaqlarımız uğrunda mübarizəyə səsləyən iki tamaşa - «Qalx ayağa, Azərbaycan» və «Böyük Vətən - Azərbaycan» səhnələşdirilib. Şəraitsizlik üzündən səyyar tamaşa oynamaq məcburiyyətində qalan teatrın repertuarında «Soyqırımı tarixinin dastanı» səhnə əsəri də var. Bu tamaşaların müəllifliyi və səhnə yozumu teatrın direktoru İftixar Piriyevə məxsusdur. 
    
   20 Yanvar faciəsinin kökünü yaxın keçmişdə axtarmaq düzgün olmazdı. Elə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olan İlyas Əfəndiyevin «Hökmdar və qızı» dramı əsasında hazırlanmış «Qarabağnamə» və Hüseynbala Mirələmovun «Xəcalət» əsərləri bu faciənin yaxın-uzaq tarixinə işıq salır. Ötən illərdə isə teatrın repertuarında olmuş Vidadi Babanlının «Ana intiqamı», Ramiz Novruzun «Hələ sevirəm deməmişdilər...» tamaşaları müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan, vuruşan soydaşlarımıza həsr olunmuşdu. 
   
   * * *
   ...Həyatımızda baş verən, xalqın taleyindən keçən, ona öz düzəlişini edən hadisələrin sənətdə, xüsusən də teatr səhnəsində inikasını görməyi arzulamaq, hətta tələb etmək də olar. Əslində, bütün bədii sənət sahələrində öz yeri olan tarixi janr da buna xidmət edir. Lakin dünya ədəbiyyat və teatr tarixindəki bir neçə əsər istisna olmaqla, xalqın, cəmiyyətin tarixini yeni səhifədən yazmağa məcbur edən, neçə-neçə nəslin həyat yolunu dəyişdirən böyük hadisələr, inqilablar, müharibələr, mübarizələr barədə layiqli əsərlərin böyük əksəriyyəti həmin hadisədən uzun illər ötəndən sonra yazılır. Biz də gözləyək... 
   
   Gülcahan Mirməmməd