Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli sənətkar, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii axşam təşkil olunub.
   Mədəniyyət mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan teatr və kino sənətində əvəzedilməz rollarla yadda qalan Nəsibə Zeynalovanın həyat və yaradıcılığından söz açıb. Bildirilib ki, N.Zeynalovanın 100 illik yubileyi ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən silsilə tədbirlərlə yüksək səviyyədə qeyd olunub.
   “Azərbaycanda ilk peşəkar aktyorlardan biri olan, milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsində dünyaya göz açan Nəsibə Zeynalova atasının yolunu davam etdirərək, aktyorluq sənətini özünə həyat yolu seçib. Azərbaycan musiqili teatrının inkişafında misilsiz rol oynayan Nəsibə Zeynalova bədii ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb”, - deyə L. Qasımova vurğulayıb.
   Tədbirdə Əməkdar incəsənət xadimi, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov çıxış edərək, anası ilə bağlı xatirələrini bölüşüb, Azərbaycan aktyorluq sənətinin inkişafında xidmətləri olan bu nəslin keçdiyi həyat və sənət yoluna nəzər salıb. O, çıxışının sonunda Nəsibə Zeynalovanın xatirəsinə görkəmli dramaturq və şair Cəfər Cabbarlının “Ana“ şeirini söyləyib.
   Sonra Nəsibə Zeynalovanın baş rolda oynadığı “Qayınana” bədii filmi nümayiş etdirilib. İlk dəfə alman dilinə subtitrlərlə tərcümə edilən kinokomediya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.