Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təqdimatında rus bəstəkarı P.İ.Çaykovskinin “Şelkunçik” baletinin premyerası keçirilib. 
   Akademiyanın tarixi ərzində ilk dəfə olaraq tələbə və şagirdlərinin iştirakı ilə tamaşa nümayiş etdirilib. Tədris tamaşasının məqsədi klassik rəqs və balet irsinə marağın artırılması, balet sənətinin təbliğidir.
   Beynəlxalq müsabiqələr laureatı, Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarə etdiyi tamaşanın quruluşçu baletmeysteri Əməkdar müəllim Pellumb Aqalliyay, bədii rəhbəri Xalq artisti Kamilla Hüseynovadır.
   Tamaşanın nümayişindən əvvəl fikirlərini bölüşən BXA-nın bədii rəhbəri Kamilla Hüseynova bildirib ki, akademiya rəqs tamaşaları təqdim etməyi qarşısına məqsəd qoyub. Tələbə və şagirdlərin dərsdən sonra məşq etdiyini söyləyən bədii rəhbər vurğulayıb ki, bugünkü tamaşa həmin gərgin məşqlərin bəhrəsidir.
   BXA-nın baş müəllimi Pellumb Aqalliyay deyib ki, üç aydan çox müddətdə hazırlanan tamaşanın ideyası klassik “Şelkunçik”lə eynidir: “Burada yalnız xoreoqrafiya dəyişir. Biz də baleti öz variantımızda, bacardığımız kimi hazırlamağa çalışdıq”.
   Tamaşada BXA-nın tələbələri Murad Kərimov, Dinara Şirinova, Mikayıl Həsənzadə, Fatimə Xəlilova, Sübhan Abışov, Nurlan Rəsulov, Seymur Qədiyev, Arzu Əsədova, Mətanət Rəcəbli, Ləman Nəbiyeva, Gülanə Əsgərova, Əsmər Mövsümova, Liana Praqa, Rafael Atayev, Surac Qurbanov, Rifan Qəhrəmanov, Ümid Zülfiqarov, Nicat Teymurlu, Azər Pənahov, Fatima Xələfova, şagirdlər Maksim Lobaçov, Nərgiz Abdullayeva, Aza Nurullayeva, Nəzrin Adıyeva, Aydan Hüseynova və Roza Zeynalova iştirak ediblər.
   “Şelkunçik” P.İ.Çaykovskinin son baletidir. Alman yazıçısı Ernst Teodor Hofmanın nağılı əsasında yaradılan balet ilk dəfə 1892-ci ildə Sankt-Peterburqda səhnələşdirilib və bu günədək dünyanın ən çox səhnələşdirilən balet əsərlərindən biridir.