Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov yanvarın 16-da Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin yeni təyin olunmuş sədri Surxan Glonti ilə görüşüb.
   Görüşdə Azərbaycan və onun regionları ilə Gürcüstan, eləcə də Acarıstan Muxtar Respublikası arasında iqtisadi, siyasi, turizm əlaqələrinin inkişafı müzakirə olunub. Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin ölkəmizə çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.
   Baş konsul Azərbaycan Prezidentinin fərmanı ilə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında məlumat verib.
   Söhbət zamanı ölkələrimiz arasında mədəni əlaqələrə toxunulub, Tbilisidə və Batumidə “Əli və Nino” filminin gürcü dilində versiyasının premyerasından söz açılıb.
   Surxan Glonti muxtar respublika ilə ölkəmiz arasında turizm sahəsində münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.