Xəbər verdiyimiz kimi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “4.1 Şəhər motivləri” kinoalmanaxı (“Qonşu qadın”, “Yuxarıda və aşağıda”, “Kədərim” və “Dmitrov küçəsi 86” qısametrajlı filmləri) və rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmi yanvarın 12-dən 29-dək Bolqarıstan paytaxtında keçirilən “Sofia MENAR” beynəlxalq film festivalında iştirak edir. Hər iki ekran əsəri festivalın “Fokus” proqramında yer alıb.
   Festival çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub.
   Filmin nümayişindən əvvəl Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova “MENAR” film festivalında ilk dəfə təmsil olunan ölkəmizin bu nüfuzlu tədbirə iki filmlə qatıldığını bildirib. Diqqətə çatdırıb ki, gələn il Azərbaycan kinematoqrafiyası 120 illik yubileyini qeyd edəcək. Ölkəmizdə film sənayesinin yaranması kinematoqrafiyanın kəşfi ilə eyni vaxta təsadüf edir. O, “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri barədə də məlumat verib. Diqqətə çatdırıb ki, “Qırmızı bağ” filmi babaları bəy olmuş, özü isə müəllim işləyən bir insanın həyatından bəhs edir. Bu film Qazaxıstan, Almaniya, Misir və Türkiyədə keçirilən nüfuzlu beynəlxalq festivallarda nümayiş olunub. İkinci nümayişi yanvarın 28-də olacaq “Şəhər motivləri” kinoalmanaxı Bakı və onun sakinlərindən bəhs edən qısa novellalardan ibarətdir.
   Sonra “Qırmızı bağ” filmi nümayiş olunub və izləyicilərin böyük marağına səbəb olub.
   Qeyd edək ki, festival bolqar cəmiyyətinə islam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. “MENAR” film festivalı Balkan regionunda islam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.