Layihə rəssamların yaradıcılıq axtarışlarını ictimaiyyətə təqdim etmək məqsədi daşıyır
   
   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 26 yanvar tarixindən “Emalatxanada görüş” adlı yeni layihəyə start verilir. Layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafını, rəssamların yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Layihə Mədəniyyət və Turizm Nazirliyinin “Gənc rəssamlarla iş” konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Bir çox gənc rəssamların yaradıcılıq nailiyyəti haqqında ən yeni məlumatlar məhz bu layihə çərçivəsində geniş izləyici auditoriyasına təqdim olunacaq. 
   Layihənin konsepsiyası gənc rəssamların emalatxanalarda yaradıcı proseslərlə yaxından tanış olmaq və həmin mühitdə yaradıcı müzakirələrin aparılması nəticəsində geniş auditoriyaya yayılmasına təkan verməkdən ibarətdir. Layihənin iki mərhələdə keçirilməsi nəzərdə tutulur. İlk mərhələdə gənc rəssamlar Nərminə Vəliyeva, İmran Mehdiyev, Namiq Hüseynov və Abbas Məmmədovun emalatxanalarında görüş keçiriləcək.
   Layihə müddətində, həmçinin sənətsevərlərin gənc rəssamların yaradıcılıq prosesləri ilə yaxından tanış olması üçün virtual sərgi təşkil olunacaq. Bu haqda məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının saytında (www.azgallery.az) və sosial şəbəkədəki səhifəsində izləmək olar.