Bakıdakı “Azərbaycan” kinoteatrı uzun fasilədən sonra qapılarını kinosevərlərin üzünə açıb. Bundan sonra “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində fəaliyyət göstərəcək kinoteatr tamamilə yenidən qurulub. Yanvarın 21-də "Azərbaycan” kinoteatrı - əfsanə qayıtdı!" - şüarı ilə gerçəkləşən mərasimə mədəniyyət və incəsənət xadimləri, çoxlu kinosevər qatılıb.
   İlk olaraq yenilənmiş kinoteatrla bağlı qonaqlara məlumat verilib. 
   Mərasimdə iştirak edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova təbrik sözü söyləyərək paytaxtın məşhur kinoteatrının yeni həyatının çox uğurlu olacağına inandığını deyib: “Arzu edirəm burada hər zaman gözəl festivallar, filmlər görək. Çünki illər öncə məhz bu məkanda biz ən yaxşı filmləri izləmişik. İstərdim ki, tarixi və ənənəsi olan bu kinoteatrın bol tamaşaçısı olsun. Vaxtilə dünyanın ən yaxşı, ən uğurlu filmləri burada nümayiş olunub. Əminəm ki, kinoteatr bundan sonra da hər kəsin sevimli məkanı olacaq". 
   Tədbirdə çıxış edən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə bildirib ki, bu məkan, bu ad bir əfsanədir, bu əfsanənin qayıtmasında “CinemaPlus”un rolu olduğu üçün qürur duyur. Qeyd olunub ki, köhnə adda, amma yeni dizayn və tərtibatla qurulmuş, dünya standartlarına cavab verən ikimərtəbəli kinoteatrın 3 zalı və 190 oturacaq yeri var. Xüsusi zövqlə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləyə və VIP-bar xidmətlərindən istifadə edə bilərlər. 
   Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün liftlər quraşdırılıb. Burada fiziki məhdudiyyətli vətəndaşlarımız da nəzərə alınıb. Liftin köməyi ilə həm VIP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki məhdudiyyətli insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin, əlil arabalı izləyicilər üçün zallarda xüsusi yerlər quraşdırılıb. 
   
   Lalə