Ədəbiyyat, onun ardınca da dramaturgiya yaranandan bəri öz dövrünün mənzərəsini əks etdirən, illər sonra isə tarixi əsərə çevrilən nümunələr çox yaranıb. Bu da təbiidir. Qələm əhli ətrafında baş verən, yaxud özü də içində olduğu hadisələrə biganə qala bilməz. Kolxoz quruculuğu da bizim tariximizdə təxminən 90 il öncə başlamış bir mərhələdir və qurbanlarsız ötüşməyib. Böyük dramaturq Cəfər Cabbarlının «Almaz» pyesi də kənddə kolxoz quruculuğuna başlamağın, kollektiv təsərrüfatın yaradılması barədədir. 
   Əsər ilk dəfə oynanıldığı tarixdən - 1931-ci il aprelin 13-dən bəri illərlə Azərbaycanın müxtəlif teatrlarının, xüsusilə Akademik Dram Teatrının repertuarından düşməyib. Yəni sovet hakimiyyəti durduqca göstərilib. Əsər hətta repertuarda olmadığı illərdə də tamaşadan yumoru çox olan iki səhnə - Almaz ilə Şərifin, Almaz ilə Mirzə Səməndərin üzləşdikləri səhnələr müxtəlif ədəbi-bədii gecələrdə, televiziya proqramlarında oynanılıb. 
   Bu il yanvarın 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında «Almaz»ın premyerası baş tutdu. Bu əsərin hazırlanma xəbəri yayılandan bəri kolxoz quruculuğundan bəhs edən tamaşa ilə bağlı müxtəlif gözləntilər və şübhələr var idi: «İndi «Almaz»ın vaxtıdır?», «Nədir, yoxsa adamları köhnə dövrün qayıdacağına hazırlayırlar?», «Görək, bu «Almaz» əvvəlkilərdən nə ilə seçiləcək?» kimi suallar çox səslənirdi. Təbii ki, tutarlı cavab elə tamaşanın özündə idi. 
   Bəri başdan deyək ki, budəfəki «Almaz» yazıçı-dramaturq Əli Əmirlinin redaktəsində səhnəyə çıxıb. Pyesdəki bir neçə obraz (Almazın anası Xanımnaz, şagirdi Sürmə və b.), müəyyən səhnələr ixtisara salınıb ki, onlarsız da pyes öz mahiyyətini itirməyib. Tamaşanın elmi məsləhətçisi, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
   Xalq artisti, tamaşanın müəllifi, həm də rəssamı Azər Paşa Nemətov isə bundan əvvəlki digər quruluşlarındakı ənənəsinə sadiq qalaraq, kütləvi səhnə iştirakçılarının, ikinci dərəcəli rolların ifaçılarının oyununu qabartmaqla səhnə əsərinin dinamikasını artırıb. İstər birinci, istərsə də ikinci hissədəki iclas səhnələri öz bədii keyfiyyətinə görə tamaşa-oyun-obrazın ikinci planı konsepsiyası baxımından müntəxəbat səviyyəsindədir. Sözsüz ki, bu mükəmməllikdə düzgün rol bölgüsünün əhəmiyyəti böyükdür. 
   «Almaz» pyesini tam şəkildə heç vaxt səhnədə görməsəm də, teatr tənqidinə dair məqalələrdə, yaxud ayrı-ayrı aktyorların yaradıcılığına həsr olunmuş yazılarda Almaz, Şərif, Mirzə Səməndər obrazlarını çıxmaqla, bu əsərdəki hər hansı rolu ifa etməklə öz yaradıcılıq bioqrafiyasında yaddaqalan obraz yaratdığı üçün populyarlaşan aktyorların adını çəkmək çətindir. Amma budəfəki quruluş bizə çox maraqlı Hacı Əhməd (Xalq artisti Nurəddin Mehdixanlı), Balarza (Əməkdar artist Əjdər Həmidov), Baloğlan (Əməkdar artist Əli Nur), Aftil (Xalq artisti Hacı İsmayılov), Ocaqqulu (Əməkdar artist Ayşad Məmmədov), Fatmanisə (Xalq artisti Firəngiz Mütəllimova) ilə tanış etdi. Heç şübhə yox ki, Cabbarlı tipaj yaratmaqda, janrın tələblərinə tam cavab verən səhnə əsərləri yazmaqda mahir dramaturq olub. Onun hətta nisbətən zəif pyeslərində də dramaturji lay güclüdür və rejissora işləmək üçün yetərincə imkan verir. Hər obrazın daxilindəki gücü və müəllif ideyasını qabartdıqda isə bayaq adını çəkdiyimiz maraqlı yozumlar, yaddaqalan surətlər yaranır. Xalq artisti Rafiq Əzimov və əməkdar artistlər Kazım Abdullayev, Elşən Cəbrayılov, Aslan Şirin əsərdən tanıdığımız Mirzə Səməndəri, İbadı, Fuadı və Baratı Cabbarlının yazdığı kimi, şarjdan uzaq, obrazın həyata münasibəti və şəxsi keyfiyyətləri çərçivəsində dolğun çatdırır, tamaşaçını da öz obrazlarının davranışlarına, seçdikləri həyat tərzinin düzgünlüyünə inandıra bilirlər. Balarza, Baloğlan, Ocaqqulu da maraqlı və fərqli tipajlardır: görkəmləri, qrimləri, hətta dəyişdikləri səs tonu ilə yaddaqalan obrazlar yarada bilirlər. Deməli, quruluşçu rejissor aktyorun potensialını düzgün qiymətləndirib, onunla işlədikdə dolğun obrazın səhnəyə çıxmasına nail olmaq mümkündür. 
   Xalq artisti Hacı İsmayılovun oynadığı Aftil dayı müəllimənin kəndə gətirmək istədiyi yeniliyi yalnız ona xoş güzəran vəd etdiyi üçün ikiəlli qəbul edən yoxsul kəndlidir. Aftil dayı, məşhur bayatıda deyildiyi kimi, «nə qədər ağlın olsa, yoxsul olsan, gülərlər» qövmündən biridir: yəni yoxsul olmasaydı, onun müdrikliyinə kimsə şübhə etməzdi. 
   Xalq artisti Firəngiz Mütəllimovanın təfsirindəki Kərbəlayı Fatmanisə təkcə bizim gördüyümüz yaşlaşmış, guya xalq təbabətindən də başı çıxan, ağzıdualı mamaça deyil. Aktrisanın öz obrazına səxavətlə xərclədiyi xarakter cizgiləri bu qadının indiyədək çox yollardan keçdiyinə, çox sular bulandırdığına, onun kəndin cavan kişilərinə münasibəti isə çoxbilmiş və Molla Sübhanın şəriki olan mamaçanın keçmişinə incə işarələr vurur. Bu obraz son illər səhnədə arzuladığımız qədər görə bilmədiyimiz Firəngiz xanımın sənət karyerasında ahıl qadın obrazlarına keçid dönəminin uğuru sayıla bilər. 
   Özünü yenilik tərəfdarı, rus sözlərini azərbaycanlılaşdırmaqla savadlı olduğunu göstərməyə çalışan, otuzuncu illərin sonlarına yaxın vüsət alacaq donosbazlar, anonimçilər və artıq XXI əsrdə çoxalacaq reketçi «jurnalistlərin» sələfi olan Şərif çox maraqlı obrazdır. İndiyədək bu rolu oynamış aktyorlar mərhum Möhsün Sənaninin cazibəsindən çıxa bilməmişdilər. Əməkdar artist Sabir Məmmədovun Şərifi isə bu qəlibə düşmür. Aktyor əsl gənclik şövqü ilə obrazını yaradır. 
   Hər kəsdən danışıb titul obrazın adını çəkməmək olmaz. Əməkdar artist Məsmə Aslanqızı hələ doxsanıncı illərdə sənət müəllimi Azər Paşa Nemətovun «Ah, Paris, Paris» komediyasında (müəllif - Elçin) Nurbəniz rolu ilə böyük səhnədə debütündən bəri bu teatrda neçə-neçə maraqlı obrazlar yaradıb. Onun Almazı isə sonda etiraf edəcəyi kimi düşmənlərini zəif bilən, özünə rəğbət qazandırmamış yeniyetmə maksimalizmi ilə təzənin təməlini qoymamış köhnənin kökünü baltalayır. Aktrisa öz obrazı üçün qəribə bir ifa tərzi seçib: səhnədə ləngər vura-vura, ayağının birini götürüb o birini qoyaraq yeriyir. Sanki bu yerişlə o, Almazın ideyasını verdiyi yeniliklərin qələbəsinə qəlbən tam əmin olmadığını çatdırmaq istəyir. Tək qaldıqda aktrisanın iclasdakı gümrah səsi, üzündəki qorxmaz ifadə də yumşalır. Amma o, nişanlısını itirməyə, əxlaqsız qadın kimi tanınmağa razılaşarkən, iki nəfəri - Yaxşını və onun təcavüzdən doğulmuş körpə qızını ölümdən qurtarmağa hazır olarkən, Hacı Əhmədin gətirdiyi pulu onun başına çırparkən, Mirzə Səməndərlə dilləşərkən nə qədər güclüdürsə, təklikdə göz yaşı tökərək şeir söylədikdə bir o qədər zəif və təkdir, ona qarşı çıxan cahil kütlənin qarşısında müəyyən məqamlarda güzəştə getməyə hazırdır. İkinci məqamda onun zəifliyi öz mövqeyindən bir qədər geriləməsi qısa ətəkli paltarını kənd qadınlarının geydiyi uzun ətəkli dona, beretini isə şərfə dəyişməsində görünür. 
   «Almaz» pyesində bir obraz da var ki, qəsdən onun haqqında fikrimizi sona saxladıq. “İlanı seyid Əhməd əli ilə tutmaq”da mahir, öz sərvətini qorumaq naminə nəyə desən and içən, kimi desən dəstəkləyən Hacı Əhməd. Redaktə olunmuş pyes Hacı Əhmədin səhnəyə gəlişi ilə başlayır. Xalq artisti Nurəddin Mehdixanlı əzəmətli gəlişi, gözlərindəki yırtıcı işartı, üzündəki hiyləgər ifadə ilə artıq tamaşaçıya bir ismarış ötürür ki, baş qəhrəman ilə kəllə-kəlləyə gələcək, onunla savaşmağı bacaracaq bir qüvvə varsa, o da mənəm. Həqiqətən də, Nurəddin Mehdixanlının Hacı Əhmədi kütləvi səhnələrdə öz xarizması ilə Almazı kölgədə qoyur. 
   
   Dramaturji irsə hörmət, «vaxtı keçmiş sayılan» bir əsərə yenidən müraciət, maraqlı aktyor ansamblı, klassik əsərə fərqli yanaşma: görkəmli rejissor Azər Paşa Nemətovun quruluş verdiyi «Almaz» pyesində bütün bu deyilənlər cəmləşib. Tamaşanın sonunda Almaz bir daha «Ey dan ulduzu» şeirini söyləyir və səhnənin dərinliyinə doğru gedir. Onun yolunu bədirlənmiş ay və almaz kimi bərq vuran ulduzlar işıqlandırır. Amma rejissor yozumuna görə, bu gediş onun qəhrəmanını qaranlıqdan işıqlı sabaha doğru aparacaq! 
   * * *
   1930-cu ildə qələmə alınmış «Almaz» kolxoz quruculuğu, qadın azadlığı, qadınların ictimai həyata cəlb edilməsi uğrunda gedən mübarizənin ruporu olmaq, kütlənin düşüncəsində inqilab etmək həvəsini oyatmaq üçün yazılmışdı. Qadınların qüvvəsindən istifadə etməklə ölkəni iqtisadi-mədəni baxımdan irəli aparmaq sovet ideologiyasının bir qanadı, gənc müəllimə Almaz da bu ideologiyanın carçısı idi. Amma kollektiv əməyin məhz ümumi təsərrüfat formasında təşkili zamanın, dəyişən ictimai quruluşun sınağına tab gətirmədi. Bəlkə də bu üzdən Milli Dram Teatrının təqdim etdiyi «Almaz» kolxoz quruculuğundan bəhs edən tarixi mövzuda dram yox, köhnəlik ilə yeniliyin, maksimalizm ilə uzaqgörənliyin mübarizəsinin şəklidir? Yeri gəlmişkən, qadınların istehsalata maksimum cəlb edilməsinin, onların xoşbəxtliyinin işdə, ictimai həyatda tapmasının carçısı olan Almaz müəllimə güclü qadındır. Sadəcə, o da var ki, qüdrətli cəmiyyətlərdə qadın güclü yox, xoşbəxt olur. Zəif cəmiyyət isə elə fərsiz kişi kimidir: hər zaman qadının gücünə ehtiyacı var. 
   
   Gülcahan Mirməmməd