Bölgələrimizdə fəaliyyət göstərən mədəniyyət qurumlarından biri də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şamaxı bölməsidir. 2005-ci ildə yaradılan bölmə hazırda 100-dən çox şair və yazıçını özündə birləşdirir.
   Bölmənin sədri, filologiya üzrə elmlər doktoru, yazar Seyfəddin Qəniyev bildirir ki, Şirvanda ədəbi məclislərin tarixi əski çağlara söykənir. Əslən şamaxılı olan şairlərin - Ruhi Şirvani, Baba Kuhi Şirvani və Pir Hüseyn Şirvaninin sorağı X-XI yüzillərə gedib çıxır. XII yüzildə Xaqaninin əmisi Kafiyəddin Ömər ibn Osman tibb alimi olmaqla yanaşı, həm də güclü şair imiş. 
   XIX yüzildə Azərbaycanın müxtəlif bölgələrində ədəbi məclislər fəaliyyət göstərməyə başladı. Onların içərisində S.Ə.Şirvaninin rəhbərlik etdiyi “Beytüs-Səfa” ədəbi məclisi özəlliklə seçilirdi. Bundan öncə isə Şamaxıda Mahmud ağanın şeir və musiqi məclisi ayrıca ad qazanmışdı. 
   Bildirək ki, 1962-ci ildə M.Ə.Sabirin anadan olmasının 100 illiyinin təntənəli şəkildə qeyd edilməsi Şamaxıda ənənəvi “Sabir poeziya günləri” tədbirinin keçirilməsinin əsasını qoyub. Bundan sonra Şamaxıda ədəbi mühit yenidən canlanıb. Bu işdə Xalq yazıçısı Əzizə Cəfərzadənin ayrıca xidmətləri olub. Həmin tədbir indi ildə bir dəfə keçirilməkdədir. 
   S.Qəniyev: “1990-cı illərdə Ə.Cəfərzadə mənə və qardaşı Əhməd Cəfərzadəyə Şirvan şairləri haqqında bilgilər toplamağı tövsiyə etdi. Uzun axtarışlardan sonra biz 1999-cu ildə “Şirvanın 350 şairi” kitabını çap etdirdik. Əzizə xanım kitab çıxanda çox sevindi, dedi ki, böyük işdir, ancaq hələ başa çatdırılmayıb. Çünki mənim arxivimdə Şirvan nisbəli 2000 şair, dərvişin adı var”.
   Şamaxıda şeir sənətinin inkişafında rayonda nəşr olunan “Yeni Şirvan” qəzetinin nəzdində 1962-ci ildən fəaliyyətə başlayan “Gənc Sabirçilər” ədəbi dərnəyinin ayrıca rolu olub. Dərnək 1990-cı illərə kimi fəaliyyət göstərib. 
   S.Qəniyev bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında pedaqoji fəaliyyət göstərib: “Rayon aydınlarının məsləhətilə filialın nəzdində “Beytüs-Səfa davamçıları” adlı ədəbi məclis təşkil etdik. Toplantılarımız 15 il bu ad altında davam etdi”.
   AYB-nin Şamaxı bölməsi də 12 ilə yaxındır bölgədə şeir ənənələrinin, eləcə də çağdaş ədəbiyyatımızın inkişafı üçün işlər görür. Ötən ildən bölmənin “Beytüs-Səfa davamçıları” adlı dərgisi də fəaliyyətə başlayıb, iki sayı işıq üzü görüb. 
   
   S.Qaliboğlu