Misirin paytaxtı Qahirədəki İslam Mədəniyyəti Muzeyi təmirdən sonra yenidən qapılarını ziyarətçilərin üzünə açıb. 2014-cü ilin yanvar ayında terror aktı nəticəsində dağıdılan muzey əvvəlki görkəmini bərpa edib. 
   Qeyd edək ki, terror aktı nəticəsində 1471 eksponatdan 164-nə ziyan dəymişdi. Həmin eksponatların yalnız 90-nı bərpa etmək mümkün olub. Əsasən çinidən və şüşədən olan 74 eksponat isə tamamilə məhv olub. Partlayış nəticəsində muzeyin binasında yerləşən kitabxana və arxiv, habelə yaxınlıqdakı tarixi məscidlərə də ziyan dəymişdi. 
   133 illik tarixə malik muzeyin ekspozisiyasında və fondlarında VII-XIX əsrlərə aid 92 min artefakt saxlanılır. Kolleksiyalarda xalçalar, sikkələr, keramika, manuskriptlər, ağac, mərmər və zərgərlik məmulatı var. Muzeydə Abbasilər xilafətinə, Osmanlı imperiyasına aid eksponatlar da nümayiş etdirilir.
   
   Lalə