Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 11 ili tamam olur
   
   Ötən illərdə əldə edilən nəticələr, yeni prioritetlər, həyata keçirilən struktur islahatları qarşıdakı dövrdə hər iki sahənin daha dolğun şəkildə inkişafına zəmin yaradacaq 
   
   Müstəqillik illərində ölkə həyatının inkişaf edən bütün sahələri kimi, mədəniyyət və incəsənətimiz də zənginləşmiş, beynəlxalq aləmdə daha geniş miqyasda tanınmış, zəngin tarixi-mədəni irsə, əlverişli iqlim şəraitinə sahib respublikamız dünya turizm xəritəsində layiqli yerini tutmuşdur.    
   Hər bir inkişaf, təbii ki, özündən əvvəlki təmələ söykənir. Ötən əsrin sonunda milli dövlətçiliyini bərpa edən Azərbaycanın müstəqillik yolunda qazandığı nailiyyətlərin, mədəniyyət sahəsində uğurlarımızın da təməli böyük ölçüdə 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qoyulmuşdur. Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də daima mədəniyyətimizin himayədarı olmuş, bu sahəyə diqqət və qayğısını əsirgəməmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, daha da zənginləşdirilir. 
   Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və idarəetmədə islahatlarla müşayiət olunmuşdur. Prezidentin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılması da dövlət idarəetmə sistemində islahatların davamı, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıyan çox mühüm bir qərar idi. Dövlət başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyulan ilk vəzifələr mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi ziyarət məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması, turizm sektorunun sürətli inkişafının təşviq edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı idi. Bu baxımdan 2006-cı il ölkəmizdə mədəniyyət və turizm sahələrində inkişafın yeni mərhələyə qədəm qoyması ilə əlamətdar oldu.
   Ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələrinə böyük diqqət göstərilmiş, bu sahələrlə bağlı 600-ə yaxın fərman və sərəncam imzalanmışdır. Mədəniyyət və turizm siyasətinin qanunvericilik bazası yeni sənədlərlə zənginləşmiş, ayrı-ayrı sahələr üzrə dövlət proqramları qəbul edilmişdir. 
   Mədəniyyətimizə diqqət və qayğıdan bəhs edərkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətlərini vurğulamalıyıq. Mədəniyyətimizin himayədarı Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi mədəni irsimizin dünyada tanıdılmasında yeni üfüqlər açmışdır. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri, 2009-cu ildə Azərbaycan aşıq sənəti, Novruz bayramı, 2010-cu ildə xalçaçılıq sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə də Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESCO-nun müvafiq siyahılarına salınaraq ümumbəşəri irs statusu qazanmışdır. Bu irs nümunələrimizlə bağlı fayllar Azərbaycanın birinci xanımının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər əlaqədar qurumların birgə əməkdaşlığı ilə hazırlanmışdır.
   Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı (2009), Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009), Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı (2010) artıq ənənəyə çevrilərək müasir mədəniyyət tariximizə yeni səhifələr yazmışdır. Həmçinin Bakı Caz Festivalı, Beynəlxalq Rostropoviç Musiqi Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları, kollektivləri bir araya gətirən, dünya musiqi xəritəsində Azərbaycanın adını tanıdan layihələrə çevrilmişdir. 
   Bu illərdə Azərbaycan musiqi sənəti ən müxtəlif janr və çalarları ilə dünya səhnələrini fəth etmiş, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanmışdır. TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildə Ü.Hacıbəylinin “Koroğlu” operası türkdilli ölkə sənətçilərinin iştirakı ilə tamaşaya qoyulmuş, 2006-cı ildə Üzeyir bəyin “Arşın mal alan” operettası Vyanada, 2014-cü ildə Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə ABŞ-da səhnə həyatı qazanmışdır. 
   Qeyd olunan dövr Azərbaycan teatrları üçün xüsusilə yaddaqalan olmuşdur. MDB məkanında ilk dəfə Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" qanun (2007), habelə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Prezidentin müvafiq sərəncamları ilə paytaxtdakı beş teatrın (Kukla, Rus Dram, Gənc Tamaşaçılar, Milli Dram, Musiqili teatrlar), eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunmuş, İrəvan, Şuşa, Pantomima teatrlarına binalar verilmişdir. 2016-cı ildə Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı şəkildə yenidən qurularaq teatrsevərlərin ixtiyarına verilmişdir. Bu illər ərzində teatrlarımız 30-dək ölkədə qastrol səfərlərində olmuşlar. Ölkəmiz teatrla bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakıda Beynəlxalq Teatr Konfransı (2010, 2012, 2014, 2016) və Kukla Teatrları Festivalı (2011, 2013), Şəkidə “Üç məkan” Beynəlxalq Teatr Festivalı (2014, 2016) yüksək səviyyədə təşkil olunmuşdur.
   * * *
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən regionlarda mədəniyyət evləri, muzey, kitabxana, musiqi və incəsənət məktəblərinin yenidən qurulması, tarixi-mədəni abidələrin təmir-bərpası ilə yanaşı, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübəsi nəzərə alınaraq yeni proqramlar həyata keçirilir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədilə 2010-cu ildən reallaşdırılan “Xalq Yaradıcılığı Paytaxtları” proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqrama əsasən beş il ərzində 15 şəhər və rayon “əfsanələr”, “folklor”, “sənətkarlıq” nominasiyaları üzrə “paytaxt” seçilmiş, çoxsaylı tədbirlər, layihələr həyata keçirilmişdir. 2015-ci ildə “Ədəbiyyat Paytaxtı” və “Milli Mətbəx Paytaxtı” kimi yeni nominasiyalar elan edilmişdir. Bu illərdə proqram üzrə həyata keçirilən bir sıra layihələr geniş vüsət qazanaraq beynəlxalq mədəniyyət tədbirlərinə çevrilmişdir. Masallıda folklor, Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunədir. Sevindirici haldır ki, “Xalq Yaradıcılığı Paytaxtları” proqramında uğurla təmsil olunan bəzi bölgələrimiz sonradan yeni, artıq beynəlxalq təşkilatlar formatında “mədəniyyət paytaxtı” adını qazanmışdır. 2013-cü ildə Qəbələnin “MDB-nin mədəniyyət paytaxtı” olması, Şəki şəhərinin 2016-cı il üçün TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi regionlarımızın mədəni irsinin tanıdılmasına geniş imkanlar açır. Nazirlik tərəfindən “Azərbaycan - doğma diyar” devizi altında 2006, 2008, 2011, 2014 və 2016-cı illərdə keçirilmiş milli azlıqların incəsənət festivalları ölkəmizin mədəni müxtəlifliyinin inkişafına əlavə zəmin yaratmışdır. Prezident tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması respublikamızdakı mədəni zənginliyin, böyük tarixi olan tolerantlıq mühitinin dünyaya təqdimatı oldu.
   * * *
   Dövlət başçısı tərəfindən 2006-cı ildə nazirlik qarşısında qoyulan vəzifələrdən biri şəhər və rayonlarda tarix-diyarşünaslıq muzeyləri şəbəkəsinin genişləndirilməsi ilə bağlı idi. Prezidentin ölkədə muzey işinin yaxşılaşdırılması haqqında 2007 və 2009-cu illərdə imzaladığı sərəncamların icrası ilə bağlı bu istiqamətdə tədbirlər həyata keçirilmişdir. Hazırda nazirliyin tabeliyində 219 muzey fəaliyyət göstərir və onların 71-i tarix-diyarşünaslıq muzeyidir. Muzey işinin genişlənməsində yerlərdə yaradılan Heydər Əliyev mərkəzləri də mühüm rol oynayır, hazırda ölkə üzrə 60 belə mədəniyyət ocağı fəaliyyət göstərir. Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya bu sahədə müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir.
   2006-cı ildən başlayaraq Azərbaycan kitabları müxtəlif ölkələrdə sərgi-yarmarkalarda təqdim olunmuş, nəfis tərtibatlı kitab sənəti nümunələrimiz beynəlxalq mükafatlara layiq görülmüşdür. 2009-cu ildə Bakıda ilk beynəlxalq kitab sərgi-yarmarkası keçirilmiş, iki ildən bir (2011, 2013, 2015) gerçəkləşən layihə Azərbaycan paytaxtının adını dünyanın kitab sərgiləri şəhərlərinin sırasına yazmışdır. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahədə ciddi yeniləşməyə zəmin olmuşdur. Ktabxana-informasiya sahəsi dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək səviyyədə yenidən qurulur. Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzi (AZLİBNET) yaradılmışdır. Bu sahədə digər mühüm layihə Azərbaycan kitabxanalarını vahid məkanda birləşdirən mərkəzləşdirilmiş elektron kitabxana sisteminin (ALİSA) qurulmasıdır. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin şəbəkəsinə 3000-ə yaxın kitabxana daxildir. 60-dək şəhər (rayon) mərkəzi kitabxanasında turizm informasiya guşələrinin yaradılması isə bu mədəniyyət ocaqlarının yeni imkanlarından xəbər verir.
   * * *
   Ötən 11 ilə nəzər salarkən milli kino salnaməsinə də uğurlu səhifələr yazıldığını görə bilərik. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” yeni layihələrə zəmin olmuş, gənclərə geniş meydan açılmışdır. Bu illər ərzində 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkmişdir. Ümumilikdə 2006-2016-cı illərdə 40-dan çox tammetrajlı, 50-dən artıq qısametrajlı bədii film, 180-dən çox sənədli ekran əsəri lentə alınmışdır. Müqayisə üçün qeyd edək ki, 1996-2005 illərdə 16 tammetrajlı və 4 qısametrajlı bədii film çəkilmişdi. Ötən müddətdə filmlərimiz 40-dan artıq ölkədə 110-dan çox festivalda iştirak etmişdir. Dövlət Proqramı çərçivəsində istifadəyə verilən Azərbaycan Dövlət Film Fondunun binası texniki imkanlarına görə son illərdə dünyada inşa edilmiş ən müasir kino-arxiv müəssisələrindən biridir. Əsaslı yenidənqurma işlərindən sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ölkəmizdə müasir səviyyəli kino prokatının əsasını qoymuşdur. Təsadüfi deyil ki, dövlətin bu sahədə nümunə olan addımından sonra yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlamışdır.
   * * *
   Bu illər ərzində Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı çoxsaylı layihələr icra olunmuşdur. Prezidentin müvafiq sərəncamları ilə 2007-ci ildə “Qobustan dövlət tarixi-bədii qoruğuna “Milli qoruq” statusu verilmiş, Abşeron rayonunda “Yanardağ”, Ağstafa rayonunda “Keşikçidağ”, Bakının Suraxanı rayonunda “Atəşgah məbədi”, Quba rayonunda “Xınalıq” tarix-mədəniyyət, tarix memarlıq və etnoqrafiya qoruqları yaradılmışdır. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın qəbul edilməsi milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olmuşdur. Prezidentin müvafiq fərmanı (2014) ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır.
   * * *
   Bu gün dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, turizmin inkişafı üç başlıca məqama söykənir: infrastruktur, xidmət keyfiyyəti və təbliğat. Ölkə başçısı turizm sahəsini qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan etmişdir və ötən illərdə turizmlə bağlı həyata keçirilən layihələr bunun bariz göstəricisidir. Qusar rayonu ərazisində dövlət dəstəyi ilə regionun ən iri dağ-xizək turizm kompleksi - Şahdağ Turizm Mərkəzi yaradılmışdır. Qəbələdəki Tufandağ kompleksi də ölkədə qış turizminin inkişafına töhfədir.
   “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası, 2011-ci ilin Prezident tərəfindən Azərbaycanda “Turizm ili” elan edilməsi də dövlətin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir.
   Ölkəmizin turizm imkanları hər il nazirliyin iştirakı, eləcə də sektor təmsilçilərinin dəstəyi ilə müxtəlif ölkələrdə onlarla turizm sərgisində nümayiş olunur. 2001-ci ildən etibarən Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) təşkil olunur. Turizm sənayesi imkanlarımızın tanıdılması məqsədilə dünyanın aparıcı telekanallarında reklam çarxları yayımlanır. 
   Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri də beynəlxalq turizm sərgilərində iştirakdır. Təkcə ötən il İstanbul, Dubay, Tokio, Berlin, Madrid, Nyu-York, London, Moskva, Paris və digər şəhərlərdə - ümumilikdə 18 beynəlxalq turizm sərgisində ölkəmizin milli stendi qurulmuşdur. 
   2016-cı il ölkəmizdə turizm sahəsində çox mühüm yeniliklərlə yadda qaldı. Sektorun qarşıdakı illərdə inkişafını stimullaşdıracaq fərman və sərəncamlar imzalandı. Dövlət başçısının 2016-cı il 1 iyun tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanına uyğun olaraq dekabrda “ASAN Viza” portalının təqdimatı keçirildi. Portal 2017-ci il yanvarın 10-dan tam gücü ilə fəaliyyətə başlamışdır. Viza prosedurunun sadələşdirilməsi nəticəsində 2016-cı ildə ölkəmizə gələn xarici qonaqların sayı 11 faizdən çox artmışdır. Ötən il xüsusilə ərəb ölkələrindən gələn turist sayında kəskin artımla yadda qalmış, bu ölkələrdən turist axını bir öncəki ilə nisbətən 8 dəfə, ayrıca Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 33 dəfə artmışdır. 2016-cı ildə 12 ölkənin (Körfəz ölkələri, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya, İndoneziya və s.) vətəndaşlarına hava limanlarında viza verilməsi təmin edilmişdir. 
   Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı və 6 dekabr tarixli fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” xüsusi əhəmiyyətə malikdir. Atılan bu addımlar ölkə turizminin inkişafında yeni mərhələnin başlanması deməkdir. Sərəncama əsasən yaradılan Turizm Şurası bu sahədə Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət qurumları arasında koordinasiya funksiyasını yerinə yetirəcək. Sərəncamda Bakıda beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) keçirilməsi, ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdəki səfirliklərimizdə turizm nümayəndəliklərinin yaradılması, yeni əlverişli aviareyslərin açılması, çimərlik turizminin inkişafı, turizm və rekreasiya zonalarının təşkili kimi məsələlər də öz əksini tapmışdır. Bütün bu müddəalar daha geniş şəkildə, konkret hədəf və fəaliyyət istiqamətləri göstərilməklə Strateji Yol Xəritəsində əhatə olunmuşdur. Bu proqram sənəd 2020-ci ilədək və ondan sonrakı dövr üçün ölkəmizin turizm sənayesinin hərtərəfli inkişafını nəzərdə tutur.
   Turizm sənayesində 2016-cı ildə həyata keçirilən yeniliklərdən biri də “Tax free” sisteminin tətbiq olunmasıdır. Bu sistemin tətbiqi ilə xarici turistlərin ölkəmizdə daha çox alış-veriş etmələrinə müsbət təsir göstərəcək. Prezidentin 27 dekabrda imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanla “Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” və Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq edilmişdir. Sənəddə həmçinin “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin yaradılması və digər məsələlər əksini tapmışdır.
   Turizm obyektləri ilə yanaşı, xidmət sektoru, turizm üzrə peşəkar mütəxəssislərin hazırlanması da əsas məqamlardandır. Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci, eləcə də Bakı Turizm Peşə Məktəbi kadr hazırlığında özünü doğruldur. Hazırda Azərbaycan Turizm və Menecment Universitetində 3 fakültə, 10 kafedra, 13 ixtisas üzrə bakalavr səviyyəsində 1744 nəfər, magistraturada 134, ikinci ali təhsildə 41, ilk peşə ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 500 şagird biliklərə yiyələnir.
   Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq bölgələrdə turizm peşə təhsili müəssisələrinin yaradılması istiqamətində müvafiq addımlar atılır. Yaxın vaxtlarda Qusar rayonunda Şahdağ Turizm Mərkəzinin bazasında regional turizm peşə məktəbi fəaliyyətə başlayacaq. Masallı və İsmayıllı rayonlarında da turizm peşə məktəblərinin açılması planlaşdırılır.
   * * *
   Təhsildən bəhs edərkən ötən illərdə ölkəmizdə bədii təhsilin inkişafı, uşaq musiqi və incəsənət məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində görülən işləri də qeyd etməliyik. Dövlət başçısının diqqət və qayğısı sayəsində paytaxtda və regionlarda onlarla musiqi və incəsənət məktəbinin yeni binaları inşa edilib, mövcud binalar əsaslı təmir edilib və yenidən qurulub. Bu təhsil ocaqlarında tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədilə müsabiqələrin təşkili nazirliyin fəaliyyətinin vacib istiqamətlərindəndir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumtəhsil, orta ixtisas və ali təhsil pilləsində tədris verən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması milli xoreoqrafiya sənətinin inkişafına dövlət qayğısının bariz nümunəsidir.
   * * *
   Ötən 11 il mədəni irsimizin dünyada təbliği baxımından da əlamətdar olmuşdur. Xalça ustası Lətif Kərimov (2006), Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası (2008), “Arşın mal alan” operettası (2013), görkəmli yazıçı Mir Cəlal Paşayev (2008), Xalq rəssamı Səttar Bəhlulzadə (2009) və Xalq yazıçısı İlyas Əfəndiyevin (2014) 100 illik yubileyləri, böyük mütəfəkkir Seyid Yəhya Bakuvinin vəfatının 550, şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 (2013), “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsi və nəşrinin 200 illiyi (2015) UNESCO səviyyəsində qeyd edilmişdir. 2017-ci ildə görkəmli şair və ictimai xadim Molla Pənah Vaqifin 300 illiyi UNESCO-da qeyd olunacaq.
   2015-ci ildə Bakıda yüksək səviyyədə keçirilən I Avropa Oyunları ölkəmizin zəngin mədəni irsinin dünyaya tanıdılması baxımından böyük bir fürsət olmuş, bu sahədə yeni layihələrə zəmin yaratmışdır. 2016-cı ilin 17-19 iyununda paytaxtımızda ilk dəfə gerçəkləşən “Formula 1” Qran-pri yarışı ölkəyə turist axınına yeni təkan vermişdir.
   2016-cı ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi respublika miqyasında rəngarəng tədbirlərlə geniş şəkildə qeyd olunmuşdur. Bununla yanaşı, XV Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF, 7-9 aprel), III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (1-3 iyun), “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı (15-24 sentyabr), Bakı Beynəlxalq Caz Festivalı (22-30 oktyabr), IV Bakı Beynəlxalq Teatr Konfransı (7-8 noyabr), TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı (1-2 dekabr) və digər mötəbər tədbirlərə ev sahibliyi etmişdir. Azərbaycan BMT, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İSESCO, MDB, TÜRKSOY və başqa beynəlxalq təşkilatlarla mədəniyyət və turizm sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur. 
   2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesi” ötən müddətdə beynəlxalq platformaya çevrilmişdir. 2009-cu ildə İSESCO-nun qərarı ilə “İslam mədəniyyətinin paytaxtı” elan olunan Bakı 2011-ci ildən başlayaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir, mədəniyyətlər və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Ötən müddətdə paytaxtımızda üç dəfə gerçəkləşən Forum, eləcə də müstəqillik tariximizin ən böyük beynəlxalq tədbiri – 2016-cı ilin aprelində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın dünyaya sülh mesajı, ölkəmizdəki multikulturalizmin mütərəqqi model kimi nümayişi oldu.
   * * *
   2017-ci il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu il də ölkəmiz üçün bir sıra beynəlxalq səviyyəli tədbirlərlə əlamətdar olacaq. 5-6 may tarixində Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mayın 12-dən 22-dək paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. “Həmrəylik bizim gücümüzdür” şüarı altında gerçəkləşəcək Oyunlara 50-dən çox ölkədən 3 mindən artıq idmançının qatılacağı gözlənilir. İyunda paytaxtımız növbəti “Formula 1” yarışlarını qəbul edəcək. Sentyabrda nazirliyin təşkilatçılığı ilə Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyi bu mötəbər tədbirlərin də reallaşdırılmasında yaxından iştirak edəcək, rəngarəng mədəniyyət proqramı ilə ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətini təmin edəcək. Bu ildən həmçinin Mədəniyyət və Turizm Nazirliyi öz fəaliyyətini yeni idarəetmə prinsipləri əsasında davam etdirir. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” ölkə başçısının 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və yerlərdə 15 regional idarəsi yaradılmışdır. Həyata keçirilmiş struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. 
   Ötən 11 ildə ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində mədəniyyət və turizm sahələrinin ahəngdar inkişafı eyni zamanda bu sahədə çalışan on minlərlə insanın, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin kollektivinin əməyinin göstəricisidir. Bu illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq göstəriş və tapşırıqlarının yerinə yetirilməsi, ölkəmizin zəngin mədəni irsinin, turizm imkanlarının daha da zənginləşdirilməsi və dünyada tanıdılması istiqamətində görülən işlər, əldə olunan nəticələr gələcəyə daha nikbin baxmağa əsas verir. Biz də Mədəniyyət və Turizm Nazirliyinin kollektivini, müvafiq struktur və qurumlarda çalışan hər kəsi əlamətdar ildönümü münasibətilə təbrik edərək bu yolda onlara yeni-yeni uğurlar arzu edirik.
   
   “Mədəniyyət”