Vurğunşünaslığa yeni töhfə
   
   Filologiya elmləri doktoru, ədəbiyyatşünas, sənətşünas, publisist və tərcüməçi Adilxan Bayramov 30 ildən artıqdır ki, Xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə “Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu” mövzusunda namizədlik, 2007-ci ildə isə “Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Səməd Vurğunun həyatı və fəaliyyəti ilə bağlı radio-televiziya verilişlərinin, çoxsaylı məqalələrin müəllifidir. 
   Şairin poemaları əsasında bir neçə radio-tamaşa, “Hürmüz və Əhrimən” poeması əsasında pyes hazırlamış, “Muğan” poemasının motivləri üzrə “Ceyran” televiziya filminin ssenarisini yazmışdır. Onun “Yaşayan ömür” (1990), “Vurğun ocağı” (1997), “Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik” (1999) və “Səməd Vurğun: milli və ümumbəşəri” (2006) kitabları şairin ömür yolunu və yaradıcılığını işıqlandırır. 
   “Səməd Vurğun: milli və ümumbəşəri” monoqrafiyası mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Monoqrafiyada ilk dəfə olaraq şairin yaradıcılığında millilik və ümumbəşərilik mövzusu sistemli şəkildə və çağdaş tələblər baxımından öyrənilir. Bu məqsədlə şairin bədii əsərləri, onların müəyyən səbəblərlə bağlı çap olunmamış və ya ixtisar edilmiş hissələri, çıxış, məqalə və məktubları araşdırılır, bunların bəziləri ilk dəfə tədqiqata cəlb olunur. Şairin indiyədək tədqiqatçıların diqqətini çəkməmiş bir sıra çıxış və məqalələri, məktubları da vardır. Çap olunmamış məqalələrində, habelə məktublarında, müxtəlif mətbuat orqanlarının səhifələrində, iclas protokollarında və stenoqramlarda mühafizə olunan çıxışlarında onun ədəbiyyatda millilik və ümumbəşərilik, vətənpərvərlik, ana dili, ayrı-ayrı hadisələr və şəxsiyyətlər barədə maraqlı mülahizələri vardır. 
   İndi isə Adilxan müəllim Səməd Vurğun haqqında yeni kitabı ilə oxucuların görüşünə gəlmişdir. 
   “Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr” kitabında müəllifin məqalələri toplanmışdır. Bu məqalələrdə şairin bədii əsərləri, onların müəyyən səbəblərlə bağlı çap olunmamış və ya ixtisar edilmiş hissələri, çıxış, məqalə və məktubları araşdırılmışdır. Burada qoyulan məsələlər bir yaradıcı şəxsiyyət kimi həyatının müxtəlif illərində şairin keçirdiyi yaradıcılıq məqamları əsasında təhlil edilmişdir. Redaktoru Rasim Nəbioğlu olan kitaba professor Cəlal Abdullayevin müəllifin “Səməd Vurğun: milli və ümumbəşəri” (2007) monoqrafiyasına yazdığı “Vurğun sənətinə yeni baxış” adlı ön sözü, şair-publisist Tofiq Abdinin onun doktorluq dissertasiyası müdafiə etməsi ilə əlaqədar qələmə aldığı “Umulmayan bir yazı”, habelə Əməkdar jurnalist İlyas Adıgözəllinin “Adilxan Bayramov” (“Borçalının Sadaxlı dünyası”, 2014) məqalələri də daxildir.
   Kitaba müəllifin 30 məqaləsi və “Ceyran” adlı qısametrajlı filmin ssenarisi daxil edilmişdir. Məqalələr Səməd Vurğunun həyat və yaradıcılığının müxtəlif aspektlərini işıqlandırır: “Şair, hökmdarın hüzurundasan!”, “A bala, özündən muğayat ol!..”, “1953-cü il: şairin iki məqaləsinin əks-sədası”, “Aslan qayası” poeması: dünən və bu gün”, “Ürəyimdən keçənlər, yaxud rejissor fədakarlığı”, “Gəray bəy, Cahandar ağa, Kərbəlayı İsmayıl”, “Unudulmuş” obraz”, “Humay - “tək ayaqlı qərinə”, “Şairin “kənd həsrəti” - Vətən məhəbbəti”, “Üç çinar”, “Tariximizdən səhifələr Səməd Vurğun yaradıcılığında”, “Bir görüş haqqında”, “Şövkət Ələkbərova oxuyurdu”, “Rənglərdə yaşayan ömür”, “Tarixin yadigarları şairin qələmində”, “Həyat davam edirdi”, “Xalq üçün yanan ürək”, “Dünya unutmamış səni dünyada...”, “İki zirvə”, “Şeirimizin öncülü... nəsrimizin ləngəri”, “Nəsrdən gələn xoş səs”, “Şəhərdən gələn ovçu: İlyas Əfəndiyevin gözü ilə”, “Ürəklərdə yaşayanlar”, “Fikir dramları müəllifi - akademik Məmməd Arifin qələmində”, “Bir şeirin tarixi: “Göyərçin”, “İki şeirin tarixi: “Yanğın”, “İslam”, “Qələbə soraqlı yaddaş” və s. 
   Elə məqalələrin adlarında Səməd Vurğunun dahi yaradıcı şəxsiyyət və böyük insan kimi xalqımız üçün dəyəri və əhəmiyyətini görürük. Müəllif dərindən və hərtərəfli öyrənib bildiyi mövzuya nüfuz etməklə oxucunun da məlumatını və dünyagörüşünü genişləndirib, zənginləşdirmişdir. Alim Səməd Vurğun kimi bir tədqiqat mövzusuna böyük məhəbbət və bələdliklə yanaşdığına görə axtarış, araşdırma və təhlillərini bu gün də davam etdirir. Onun bu istiqamətdə yeni uğurlar qazanacağı şübhəsizdir. 
   Adilxan Bayramov ədəbiyyatşünaslıqla yanaşı, həm də muzey işi, teatr sənəti, təsviri incəsənət, etnoqrafiya və Azərbaycan xalçası ilə bağlı araşdırmalar aparır. “Heydər Əliyev və muzeylərimiz” (1999), “Bakı muzeyləri” (həmmüəllif, 2006), “Tariximiz, yaddaşımız, sərvətimiz” (2007), “Sənət, sənət məbədləri, sənət fədailəri” kitablarının, “Ədəbi-xatirə muzeyləri”, “Tarix-diyarşünaslıq muzeyləri”, “Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər)” adlı metodiki vəsaitlərin müəllifi, Azərbaycan və rus dillərində bir neçə dəfə nəşr olunmuş “Üzeyir Hacıbəyov ensiklopediyası”nın müəlliflərindən biridir. Bu nəşrlər ali məktəblərin müvafiq fakültələrində dərs vəsaiti kimi istifadə olunur. Müxtəlif mətbuat orqanlarında onun özü və araşdırmaları barədə bir sıra mütəxəssislərin məqalələri dərc olunmuş, radio-televiziya verilişləri səsləndirilmiş, “Elim-obam Sadaxlı” (2000), “Borçalı alimləri” (2000), “Azərbaycan yazıçıları” (2004) kitablarında, habelə “Azərbaycan Milli Ensiklopediyası”nda (2011) biblioqrafik məlumat verilmişdir.
   Adilxan müəllimin fəaliyyəti və yaradıcılığı milli ədəbi və mədəni mühitimizdə özünəməxsus bir yer tutur. Onun hər bir məqaləsi və kitabı Azərbaycan ədəbiyyatşünaslığına və mədəniyyətşünaslığına dəyərli töhfədir. 
   Tanınmış şair-publisist mərhum Tofiq Abdin yazırdı: “Doktorluqdan o yana hansı mərhələlər var, vallah, mən bunu da bilmirəm. Ancaq varsa, bir dost kimi mən bunu Adilxan Bayramova arzu edirəm. Alim kimi də, insan kimi də, ziyalı kimi də bu İNSAN ona layiqdir. Bütün bu keyfiyyətlərin onun şəxsində görünməsində SƏMƏD VURĞUN kimi bir şairin yaradıcılığının təsiri olmamış deyil”. 
   Biz də bu fikrə qoşuluruq. 
   
   Aslan Salmansoy
   filologiya üzrə fəlsəfə doktoru