AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən Folklor studiyasının xətti ilə Azərbaycan xalq musiqisinin ayrı-ayrı sahələrini əks etdirən xüsusi albom-disklər buraxılır. Studiyanın rəhbəri Mahir İbrahimov bildirib ki, əvvəllər səyyar fəaliyyət göstərən studiyada əsasən çəkilişlərə önəm verilirdi. Avadanlıq yox dərəcəsində idi. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə ötən il burada bərpa-təmir işləri aparılıb, studiya ən müasir avadanlıqlarla təchiz olunub. Studiyanın rejissoru Qasım Nağıyev, operatoru Əlisəftər Məmmədov, səs rejissoru İffət Əsgərov, səs texniki isə Ramin Abdullayevdir.
   Bərpa-təmir işləri başa çatdıqdan sonra ötən ilin sentyabrında fəaliyyətə başlayan studiyada Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” ansamblının 20 mahnıdan ibarət iki albomu, AMEA-nın “Keçmişimizi unutmayaq!” layihəsi çərçivəsində “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarından seçmələr əsasında albom buraxılıb. “Quba yəhudiləri” etnoqrafik sənədli filmi (33 dəqiqəlik) də studiyanın gördüyü uğurlu işlərdəndir. M.İbrahimov bildirib ki, studiyada Azərbaycanda yaşayan bütün azsaylı xalqların tarixi və adət-ənənələri haqqında silsilə filmlər çəkiləcək.