“Azərbaycanfilm”in son illərdə istehsal etdiyi ekran əsərləri nümayiş olunacaq
   
   Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası fevralın 2-dən növbəti “Bizim kino günləri” layihəsini təqdim edəcək.
   Kinostudiyadan verilən məlumata görə, layihə ilk dəfə 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm”in birgə təşkilatçılığı ilə reallaşıb. “Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq” adlı layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiya məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib. 
   Kinostudiyadan bildirilib ki, “Bizim kino günləri 2017” layihəsində son illərdə çəkilən “Qatil”, “Yarımçıq xatirələr”, “İçərişəhər”, "Axınla aşağı", “Xeyirlə şərin rəqsi”, “Dərs”, “Qırmızı bağ” filmləri nümayiş olunacaq.
   Qeyd edək ki, layihə ilə bağlı fevralın 1-də Nizami Kino Mərkəzində mətbuat konfransı keçiriləcək.