Nazir müavini Sevda Məmmədəliyeva bir sıra görüşlər keçirib
   
   30-31 yanvar tarixində Tbilisi şəhərində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun ikinci iclasında iştirak məqsədilə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstana səfər edib.   
   Səfərin ilk günü Nəriman Nərimanovun Tbilisi şəhərindəki ev-muzeyinə baxış keçirilib, görülmüş işlər barədə nazir müavininə məlumat verilib. Bildirilib ki, muzeyin rəsmi açılışının mart ayında keçirilməsi nəzərdə tutulub.
   Sonra Gürcüstanın məşhur rəssamı Yelena Axvledianinin ev-muzeyi ziyarət edilib, nümayəndə heyəti David Lordkipanidzenin rəhbərlik etdiyi müəssisənin fəaliyyəti ilə tanış olub.
   Sevda Məmmədəliyeva tədbiri işıqlandıran Gürcüstanın “İmedi” telekanalına müsahibə verib, Gürcüstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində mövcud olan yüksək səviyyəli əməkdaşlıq barədə danışıb.
   Həmin gün iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupun 2-ci iclası keçirilib. Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili açılış nitqində ölkələrimizin mədəniyyət sahəsində əlaqələrinin mövcud vəziyyətindən razılığını ifadə edib. 
   Sevda Məmmədəliyeva öz növbəsində Gürcüstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın xalqlarımızın tarixi dostluq münasibətlərinə əsaslandığını vurğulayıb və əlaqələrin genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. 
   İclasın gündəliyindəki məsələlərin müzakirəsi zamanı nazir müavini ölkəmizdə mədəniyyət sahəsində aparılan islahatlar, yeni layihə və tədbirlər barədə məlumat verib. Mütəmadi olaraq qarşılıqlı məlumat mübadiləsinin aparılmasının, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb. Gürcü tərəf Azərbaycanın bu sahədə təcrübəsinin öyrənilməsinə marağını ifadə edib.
   İclasdan sonra Sevda Məmmədəliyeva Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze ilə görüşüb. Nazir Azərbaycan ilə Gürcüstan arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində əməkdaşlığın bir çox ölkələrə nümunə olduğunu qeyd edib, beynəlxalq təşkilatlar, xüsusilə UNESCO çərçivəsində Gürcüstana göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
   Görüş əsnasında həmçinin Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin beynəlxalq səviyyədə birgə qeyd olunması imkanları nəzərdən keçirilib.
   Nazir müavini bu ilin 5-6 may tarixində Bakıda 4-cü dəfə keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib və Gürcüstanın nümayəndə heyətinin tədbirdə iştirakına dair nazir Əbülfəs Qarayevin dəvətini nəzərə çatdırıb.
   Nazir Mixeil Giorqadze dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirərək, Azərbaycanlı həmkarı cənab Əbülfəs Qarayevə səmimi salamlarını və təşəkkürünü çatdırmağı xahiş edib.
   Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun ilk iclası 16 mart 2016-cı il tarixində Bakıda keçirilib.