Azərbaycan Dövlət Kukla Teatrında Mədəniyyət və Turizm Nazirliyinin, “Cabir Novruz” Mədəniyyət Fondunun və “Söz” ədəbi layihəsinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçirilib.
   Layihənin rəhbəri Nigar Həsənzadə tədbirin şairin 110 illiyinə həsr edildiyini bildirib. AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu Mikayıl Müşfiqin yaradıcılığından söhbət açıb, onun zərif poeziyasının bu gün də ürəkləri fəth etdiyini bildirib.
   Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza təmsil etdiyi qurumun təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hər il ölkəmizdə M.Müşfiqin doğum gününün “Şairlər günü” kimi bayram edildiyini diqqətə çatdırıb.
   “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov tədbirin əhəmiyyətindən, qurum tərəfindən görülən işlərdən söz açıb.
   “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadəyə və Yuğ Teatrının aktrisası Zabitə Alıyevaya “Mikayıl Müşfiq” ədəbi mükafatı və “Cabir Novruz” Mədəniyyət Fondunun diplomu təqdim edilib.
   Gecədə Yuğ və Pantomima teatrlarının aktyorlarının ifasında şairin yaradıcılıq nümunələri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya və Mikayıl Müşfiqə həsr edilmiş film nümayiş olunub.