Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Quba Turizm İnformasiya Mərkəzi və “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda ekoturizmin inkişaf etdirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə rayonun turizm potensialı yüksək olan kəndlərinin icra nümayəndələri iştirak ediblər. Tədbirdə kənd turizminin necə inkişaf etdirilməsi, bölgəyə turistlərin axınının təmin edilməsi, kənd evlərinin müəyyən standartlara cavab verməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Bildirilib ki, kənddə istirahət etmək istəyən turistlər üçün minimum şərait yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etmək mümkündür. Bu həm ailə büdcəsi gəlirlərinin artması, eyni zamanda bölgənin tanıdılması baxımından əhəmiyyət kəsb edir. Əhalinin bu sahədə maarifləndirilməsi gələcəkdə istirahətini kənddə keçirmək istəyən turistlərin sayının artmasına imkan yaradacaq.