Bu il dünya şöhrətli bakılı musiqiçi, violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Rostropoviçin (1927-2007) 90 illik yubileyi qeyd ediləcək. Martın 27-də musiqiçinin doğum günündə Moskva Konservatoriyasının Böyük zalında ənənəvi Mstislav Rostropoviç adına musiqi festivalının təntənəli açılışı olacaq.
   2017-ci ildə musiqiçinin adını daşıyan iki festival - VIII Moskva festivalı və Bakıda Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalının keçirilməsi gözlənilir. Festivalın bədii rəhbəri Olqa Rostropoviç bildirib ki, Bakıda keçiriləcək festivalda Sankt-Peterburq Filarmoniyasının simfonik orkestri, “Vyana-Berlin” kamera orkestri və digər kollektivlər, azərbaycanlı musiqiçiləri və Rostropoviç Fondunun təqaüdünə layiq görülən gənc istedadlar iştirak edəcəklər. 

   L.Azəri