Xalqımızın yaşamında təbiət hadisələrinə inam ayrıca yer tutur. Xalq təqviminə görə, yanvarın 31-dən Azərbaycanda Kiçik çillə başlayıb. “Çillə” ağrı, acı, əzab deməkdir ki, bu da qışın sərtliyinin insan düşüncəsində obrazlaşmış ifadəsidir. 
   Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə (40 gün), yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə (20 gün), fevralın 20-dən martın 20-dək isə Boz aydır.
   Adətən Böyük çillə günlərində hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Həmçinin güclü küləklərin intensivliyi də az olur. Lakin Kiçik çillədə hava daha soyuq, sərt və şaxtalı olması ilə fərqlənir. Xalq arasında Kiçik çilləyə bədii şəkildə “qışın oğlan çağı” da deyirlər. 
   Əski inanclara görə, Kiçik çillə yarı olanda Xıdır Nəbi mərasimi də keçirilir. İnama görə Xıdır Nəbi bərəkət rəmzidir. Kiçik çillənin 10 günlüyü tamam olanda insanlar bu bayramı ona görə qeyd edir ki, sərt qışın soyuğundan və şaxtasından çıxan Xıdır Nəbi onlar üçün bolluq bərəkət və ruzi gətirsin. Xıdır Nəbi bayramında evlərdə qovurğa qovurulur, qovut çəkilir və bəzi ayinlər icra edilir.
   
   S.Qaliboğlu