2-ci yazı
   
   Tbilisidə «Culture &Creativitu» treninqlərinin ikinci günündə qış havası özünü göstərməyə başladı... "Fabrika"nın iri pəncərələrindən görünən dağ mənzərəsi, tutqun səma bu gün-sabah qar yağacağını vəd edirdi. Mədəniyyəti təbliğ etməklə qazanc əldə etmək, turizmi inkişaf etdirmək imkanlarına dair müzakirələrimizdə isə bütün fəsillərin havası duyulurdu: qış kimi soyuqqanlı, bahar kimi coşğulu, yay qədər hərarətli, payıztək məhsuldar. 
   
   Mədəniyyətə vətəndaş münasibəti 
   
   Trenerlərimizdən britaniyalı Mayya Caggi "Mədəniyyət jurnalistikasında meyllər: mədəniyyəti işıqlandırma üsulları" mövzusunu bizim üçün açıqlayanda bir daha nə qədər böyük missiyaya xidmət etdiyimiz barədə düşündük: doğrudan da, mədəniyyətdən yazan jurnalistlərin cəmiyyət qarşısında daşıdığı məsuliyyət böyükdür. Gəlişigözəl səslənsə də, bu, belədir. Mayya deyirdi ki, onun təhlil etdiyi ingilis, fransız və ispan mətbuatından mədəniyyətin qorunmasında, təbliğində vətəndaşların münasibətinin çatışmadığı barədə təəssüratı formalaşıb. Vətəndaşlara isə jurnalistlər təsir göstərməlidirlər. Bəli, bu, çox çətin və uzun illər tələb edən bir fəaliyyətdir: "Təsəvvür edin, bir bağda alma, armud ağacları əkib-becərmək də olar, onlarla yanaşı moruq, çiyələk yetişdirmək də. Amma bu meyvələrin hər birini yetişdirmək üçün məhz ona uyğun gələn becərmə üsullarını bilmək, aqrotexniki qaydalara əməl etmək gərəkdir. Sizin oxucularınız olan insanlar da belədir. Hər təbəqəyə xüsusi münasibət bəslənməlidir". 
   Bu yerdəcə bir sual yarandı: biz hamımız, nəyisə - ədəbi əsəri, tədbiri, məkanı... müzakirə ediriksə, subyektiv tənqidçiyik. Lakin bizim tənqidimiz sadəcə, nəyisə təhlil edib pis və yaxşı cəhətlərini göstərməkdən ibarət olmamalıdır (onsuz da bizim tənqidimiz nə qədər obyektiv olsa da, müəllif kimi subyektiv mülahizədir), tənqid ilhamlandırmalı, həvəsləndirməlidir. 

   Mədəniyyət pul qazandırmalıdır
   
   Bu gün dünyanın inkişafı elə bir axarda davam edir ki, mədəniyyət, ali dəyərlər gəlir gətirməli, turizmin, iqtisadiyyatın inkişafına öz töhfəsini verməlidir. Məsələn, Mayya Cagginin müşahidələrinə görə, Londona gələn əcnəbilərin təxminən yarısı Beyker Striti soruşur, ədəbi qəhrəman Şerlok Holmsun evini axtarır. Bəli, hər kəs bilir ki, xəfiyyə Holms yazıçı Artur Konan Doylun uydurduğu ədəbi qəhrəman, ən yaxşı halda kiminsə prototipi, ümumiləşdirilmiş obrazıdır. Zirək iş adamı isə bu xüsusda Şerlok Holms ilə bağlı nəsə bir qazanc götürə bilər. 
   Bu məqamda Leonid Qaydayın təxminən 50 ildir ki, bütün rusdilli məkanda məşhur "Brilyant əl" filminin Bakıda, İçərişəhərdə çəkilmiş kadrlarını xatırladım. Postsovet məkanından Bakıya gələnlərin əksəriyyəti mütləq Sergey Qorbunkovun İçərişəhərdə büdrəyib yıxıldığı və "Çyort poberi" ("Lənət şeytana") söylədiyi həmin yeri soruşur, guya özünü məşhur aktyor Yuri Nikulin kimi yerə yıxıb şəkil çəkdirir. Şəkil çəkdirənlərin əksəriyyəti isə həmin məşhur ifadə ilə adlandırılan kafe-çayxanada çay içib şirniyyat yeyə bilər... 
   
   Naşirlər mühafizəkar olur
   
   Bu gün biz Azərbaycanda çap məhsullarının populyarlığının azalmasından, mütaliə mədəniyyətinin itməsindən narahatıq. Bəs jurnalistika, qəzetlər, elektron mətbuat bu istiqamətdə hansı işləri görür? Mayya Cagginin özü ilə gətirdiyi "İndependent" qəzetinin mədəniyyət bölməsində ədəbiyyat rubrikasının redaktoru Boyd Tonkinin hazırladığı bir neçə yeni kitabın icmal resenziyasını bizə təqdim edib fikirlərimizi soruşdu. Mənim də daxil olduğum qrupun son münasibəti belə oldu ki, bizim, yəni sovet jurnalistikası ənənəsi əsasında formalaşmış milli jurnalistika məktəblərinin təmsilçilərinin anladığı resenziya belə olmur: çünki "İndependent" qəzetində dərc olunmuş həmin qısa yazılar, əslində, annotasiya, təqdimat mətni idi. Çünki həmin yazılarda heç bir təhlil yox idi, yalnız təqdir və tərif vardı. Mayyanın cavabı isə gözlədiyimiz kimi olmadı: "Məqsəd kitabları təhlil etmək yox, mütaliəsevər britaniyalılara yeni çap məhsullarını təqdim etməkdir". 
   Məncə, Boyd Tonkin tərifli təqdimat mətnləri ilə məqsədinə çatıb: indiyədək adını eşitmədiyim Çili yazıçısı Roberto Bolanyonun "2666" adlı kitabının doğma dilimizdə olmasa da, rus, ya da türk dilində nəşrini axtarıram. Hər necə olsa, mister Tonkin hesab edir ki, Roberto Bolanyonun əsərləri özünə hörmət edən oxucunun kitab dolabında mütləq olmalıdır... 
   
   Hədəfimiz mədəniyyət jurnalistikasıdır 
   
   Ukraynalı trenerimiz Katerina Botanova son sessiyada lövhədə nişangah şəkli çəkdi. Ortadakı hədəf jurnalist, onun ətrafında çəkilmiş, bir-birinin ardınca genişlənən halqalar isə bizim əhatə edəcəyimiz oxucu auditoriyasıdır. 1-ci halqa - peşəkar praktiklər; 2-ci halqa - incəsənət sahəsində çalışan müəllimlər; 3-cü halqa - təhsilinə görə bizə yaxın auditoriya; 4-cü halqa - mədəniyyətin inkişafı ondan asılı olmayan təhsilli insanlar; 5-ci halqa - potensial oxucular; 6-cı halqa - kateqoriyası çətin müəyyən olunan boz zona; 7-ci halqa - süd kimi ağ rəngdə olan boşluq - beynəlxalq auditoriya. 
   Hər bir jurnalist istər ki, onun yazılarını daha çox insan oxusun, onun proqramlarını daha çox adam dinləsin, ya da seyr etsin. Bəs bundan ötrü neyləməli? Mütləq daim öz üzərində işləməli, yenilikləri bilməli, yazdığına, danışdığına diqqət yetirməlisən. Üstəlik, yaxın-uzaq həmkarlarının nədən necə söz açdığını, daha nələrlə maraqlandığını bilməlisən. Təbii ki, əgər bilmək istəyirsənsə. Biz isə istəyirik!.. Özümüz nişangahın tən ortasında, ən "çox xal verən" hədəf olsaq da, məramımız daha böyük auditoriyanı əhatə etməkdir. Odur ki, «Culture &Creativity» treninqlərinin Tbilisi mərhələsinə dair yazını bitirib ev tapşırığının icrasına keçirəm. 
   Kreativliyin Kişinyov dayanacağında növbəti görüşədək! 
   
   Gülcahan Mirməmməd 
   Bakı-Tbilisi-Bakı